7 Mart 2023 13:05
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsmanın illik məruzəsi ilə yaxından tanış olmuşam. Bu tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hərbi birimizi narahat edən çatışmazlıqlar var.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, bunun üçün ölkədə ciddi məhkəmə hüquq islahatlarının aparılmasına ehtiyac duyulur: “Yəni ombudsmanın fəaliyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd elədi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmək lazımdır. Açıq danışmaq lazımdır ki, Milli Məclis problemlərin həll olunduğu yer deyil. Burada əsasən problemlər səsləndirilir. Ona görə də daha yaxşı olardı ki, ombudsman mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin. Ombudsmanı əmin edirəm ki, biz qanunları burada təsdiq edib geri qayracağıq. Məni narahat edən məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır. Cənab Prezident bununla bağlı xüsusi fərman imzaladı. Amma o islahatların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı, bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, ədliyyə sisteminə yeni nəfəs verilməlidir: “Biz vaxtilə məhkəmə ekspertizası ilə bağlı qanun qəbul elədik. Özəl məhkəmə ekspertlərinin yaradılmasına yaşıl işıq yandırdıq. Amma bu günə qədər bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, Azərbaycanda ibtidai həbs müddətinin uzunluğu təqribən 1 il 9 aydır, bu olduqca böyük bir zamandır. Əgər kifayət qədər əsaslar yoxdursa, şəxs niyə həbs olunur?! O zaman subutlar toplanmalıdır. Yox əgər kifayət qədər sübutlar toplanıbsa, onda şəxs həbs olunandan sonra istintaq niyə bu qədər davam edir? Ona görə də düşünürəm ki, bu istiqamətdə fundamental dəyişikliklər edilməlidir. Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Hər orqan özünə istintaq idarəsi yaradıb. Yəni bundan sonra elə təəssürat yaranır ki, Azərbaycanda az qala elə bir nazirlik, xidmət yoxdur ki, özünün istintaq orqanı olmasın. Yəni vahid dövlət istintaq komitəsi yaradılmalıdır”.

Millət vəkili həmçinin bildirib ki, bundan başqa məhkəmə süründürməçiliyi ilə bağlı məsələlərə nəhayət son qoyulmalıdır: “Xatırlayırsınızsa, mən ombudmsanın ötən hesabatı zamanı Gəncədə inzibati məhkəmə ilə bağlı bir məsələ qaldırmışdım ki, Rusiyada fəaliyyət göstərən bir sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir. Çıxarış məsələsi nədir ki, məhkəmədə o, bir il iki ay süründürülür. Məhkəmə hər iki aydan bir iş heç bir əsas göstərilmədən təxirə salınır. Bu günlərdə Azərtac-ın müxbiri Aygün Əliyeva ilə bağlı da bir məsələ qaldırmışdım. 2020-ci ilin oktyabrından bu şəxs işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq məsələ bu günə qədər öz həllini tapmayıb. Sadə bir məsələdir, yəni çoxepizodlu bir məsələ deyil. Ona görə də məhkəmə süründürməçiliyinin qarşısı alınmalıdır. Bu istiqamətdə qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. İclaslar institutu Azərbaycanda bərpa olunmalıdır. Vaxtilə bu, bizim qanunvericiliyə daxil edilmişdi. Məhkəmələr çalışırlar ki, daha çox qanuna əsaslanan qərarlar qəbul etsinlər. Konstitusiyada yazılıb ki, ilk növbədə, qərarlar hökmlər, qətnamələr ədalətli olmalıdır, ədalətli və qanuna əsaslanan qərarlar... Bunu yalnız iclaslar institutu həyata keçirə bilər. Mən hesab edirəm ki, insan hüquq və azadlıqları ilə bağlı ombusdmanın görə biləcəyi iş azdır. Onun üçün güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Biz də əsas diqqətimizi bu sahəyə yönəltməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər