29 Dekabr 2014 19:14
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əhmədov: “İnsanların gəlirləri artdıqca, öz sağlamlıqlarına vəsait qoymalarını istiqamətləndirmək lazımdır”

İcbari tibbi sığortanın tətbiqi bütün dövrlərdə və dünyanın hər yerində ən çətin və ağır islahatlardan biri hesab olunur. Amma nəticə hamını razı saldığı üçün bu ağırlığı əksər dövlətlər artıq geridə qoyub. Azərbaycan da yüksək tibbi xidmət göstərmək imkanlı ölkələr sırasına aid edildiyindən və müvafiq hüquqi bazaya sahib olduğundan bu sistemə keçiddə hər hansı maneə yaranmadığı bildirilir.

Əhalinin sağlamlığının təminatlı şəkildə qorunması üçün Nazirlər Kabineti artıq gələn ildən icbari tibb sığortanın tətbiqinə başlamağa qərar verib. Bu məsələ ilə bağlı baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrup artıq konkret detalları müəyyənləşdirməkdədir ki, gələn ildən icbari tibb sığortanın tətbiqinə start verilsin.

Əli Əhmədov bildirib ki, dövlətin vəsait ayırması ilə yanaşı, vətəndaşların da sağlamlıqlarına biganə qalmaması vacib amillərdəndir: “Ayrılan dövlət vəsaitlərindən səmərəli istifadə etmək lazımdır. Bundan başqa, səhiyyəyə əlavə maliyyə mənbələri ayırmaq üçün tibbi sığortaların tətbiqi vacibdir. Çünki vətəndaşların sağlamlığı üçün bütün xərcləri dövlətin üzərinə qoymaq düzgün deyil. İnsanların gəlirləri artdıqca, öz sağlamlıqlarına vəsait qoymalarını istiqamətləndirmək lazımdır”.

Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi

Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sahəsində vəziyyətə nəzər saldıqda, tibbi sığortanın tətbiqinin sürətəndirməyin vacibliyi diqqət çəkir.

Ölkəmizdə bu sahədə araşdırma aparan Gürcüstanın Curatio Beynəlxalq Fondunun beyin mərkəzinə rəhbərlik edən Georgi Gotsadze bu sahədəki 20 illik təcrübəsindən çıxış edərək deyir ki, Azərbaycanda dövlət vəsaitindən səhiyyəyə ayrılan xərclər ildən-ilə artırılır: “Nəticə etibarilə səhiyyə sahəsində dövlət xərclərinin demək olar ki, 60 faizi mərkəzi büdcədən, qalan hissə isə yerli büdcədən gəlir. 447 milyon manat vəsait isə səhiyyə infrastrukturuna yatırılıb. Azərbaycanda səhiyyə sahəsində özəl xərclər, yəni əhalinin xərcləri Avropa üzrə ən yüksək səviyyələrdən biridir və səhiyyə sahəsində ümumi xərclərin 79 faizini təşkil edir. Keçirilən sorğular zamanı Azərbaycanda 10 xəstədən 7-si səhiyyə xidmətlərinin təchizatçısına qeyri-rəsmi vəsait ödədiyini bildirib ki, bu da regionda ən yüksək göstəricidir”.

Ekspert deyir ki, Azərbaycan əhalisi aylıq gəlirinin 10 faizini səhiyyə ödənişlərinə xərcləyir ki, bu, Gürcüstan istisna olmaqla digər ölkələrlə müqayisədə çox yüksəkdir: “Bu və ya digər səbəblərdən gün ərzində qəbul edilən xəstələrin sayı məsələn, qonşu Türkiyə ilə müqayisədə 4,5 dəfə aşağıdır. Orta hesabla xəstəxanadan buraxılmış xəstəyə Türkiyə ilə müqayisədə daha çox vəsait xərcləyirik. Azərbaycanda bir xəstəxana çarpayısı yalnız 30 xəstə tərəfindən istifadə olunur, Türkiyədə isə oxşar çarpayı bundan 3 dəfə artıq xəstəyə, yəni ildə 89 xəstəyə xidmət edir”.

Georgi Gotsadze və digər ekspertlər müşahidə olunan problemlər əsasında gəldikləri qənaətə görə, Azərbaycan qonşularla müqayisəli səhiyyə infrastrukturuna malik olsa da, resurslardan istifadənin səmərəliliyi ölkəmizdə çox aşağıdır.

Gürcüstanlı mütəxəssis hesab edir ki, səmərəliliyin artırılması üçün səhiyyə sistemində yeni maliyyələşdirmə islahatının aparılması qaçılmazdır: “Gəlinən nəticəyə görə, səmərəliliyin artırılması təchizatçı və xəstə səviyyəsində xidmətlərin daha təkmil struktura malik olmasının yolu tibbi sığortadan keçir. Çağırışlar səhiyyə sahəsində özəl xərclərin payının yüksək olması, mövcud maliyyə vəsaitindən səmərəsiz istifadə, səhiyyə xidmətlərində təchizatın aşağı səviyyədə olmasından ibarətdir. Məlum həllər istiqamətində isə dövlət xərclərinin artırılması və özəl ödənişlərin idarə edilməsi, sistemdə strateji alış funksiyanın yaradılması, ödənişin töhfəyə deyil, nəticəyə əsaslanması və təchizatçıların müstəqilliyinin artırılmasıdır”.

Xorvatiyada sığortalı şəxslərin 24 faizi pensiyaçılardır

Tibbi sığortanın tətbiqində Xorvatiya təcrübəsinə tez-tez istinad olunur. Bu barədə həmin ölkənin Milli Tibbi Sığorta Fondunun 9 il icraçı direktoru vəzifəsində çalışmış Tihomir Strizrep məlumat verdi.

Ekspert deyir ki, hazırda Xorvatiya səhiyyə sisteminin hüquqi baza çərçivəsi 3 aktdan ibarətdir. Bunlar səhiyyə aktı, məcburi tibbi sığorta aktı və xəstələrin hüquqi müdafiəsi aktıdır: “Burada sığortalı şəxslərin 24,19 faizini pensiyaçılar, 33,46 faizini işçilər, 0,66 faizini fermerlər, 24, 97 faizini ailə üzvləri, 16,72 faizini isə digərləri təşkil edir. Xorvatiya təcrübəsində kliniki xərclər qrupu var ki, bu da qiyməti öncədən təsbit edən perspektiv maliyyələşdirmənin bir növüdür. Lakin onlar bir qayda olaraq miqdarı təsbit etmir.

Kliniki xərclər qrupunun əsaslı kompensasiya sistemi səhiyyə xərclərinə nəzarət edilməsi, fəallığın səviyyəsinin artırılması və yardımın standartlaşdırılması məqsədilə tətbiq olunub. Bura həmçinin xəstəxanaların səmərəliliyi və optimal struktura malik olması, çarpayıların sayının azaldılması və çarpayıların tutulması əmsalının artırılması daxildir”.

Tibbi sığortanın Xorvatiya təcrübəsində kliniki xərclər qrupu xəstəxana tərəfindən göstərilmiş ambulator xidmətlər haqqında hesabatın hazırlanmasının standart yolunu təmin edir.

Türkiyədə imkansız şəxslərdən sığorta haqqı alınmır

Türkiyənin sabiq səhiyyə naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Akdağ isə Türkiyə təcrübəsindən danışaraq, orada imkansız şəxslərdən sığorta haqqı alınmadığını söylədi.

Ekspert deyir ki, Türkiyədə bərabər-əhatəli səhiyyəyə ehtiyac yarandıqda müvafiq, dəstəkləyici, profilaktiki, müalicəvi və bərpa səhiyyə xidmətlərinə çıxış kimi müəyyən olunur. O, bununla səhiyyə sayəsində ədalətliliyin gücləndirildiyini deyir: “Son 30 il ərzində ləng irəliləyişlərdən sonra, ölkədə səhiyyənin maliyyələşdirilməsi, səhiyyə xidmətlərinə çıxış və nəticələr sahəsində bərabərsizlik əhəmiyyətli dərəcədə azalıb. Ölkədə müavinət paketinə əsasən xəstəliyi, hamiləlik və doğuş, bədbəxt hadisələr və peşə xəstəlikləri, görmə, eşitmə, stomatologiya, xaricdə müalicə və digər xidmətlər daxildir”.

Ekspert Türkiyədə tətbiq olunan sığorta haqları barədə də məlumat verdi: “Ən həssas təbəqələrin, yəni özünü maliyyə baxımından təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların sığorta haqları hökumət ödənilir”.

Rəcəb Akdağ Türkiyə səhiyyə sahəsində mövcud olan “Birgə ödəmə” xidməti barədə də məlumat verdi: “Ambulator bölmədə yazılmış dərmanların 10-20 faizinə, xroniki xəstəlikləri müalicə edən dərmanlara, o cümlədən stasionar bölmədə yazılmış dərmanlara görə bu sistem tətbiq olunmur. Ortopedik və protezlər üçünsə 10-20 faiz “Birgə ödəmə” tətbiq olunur, ancaq həyati əhəmiyyəti olmadıqda bu sistem tətbiq olunmur”.

Tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edən Əli Əhmədov icbari tibbi sığortaya keçidi təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodu olduğunu bildirir. Həqiqətən də mövcud şəraitdə başlıca göstərici səhiyyə müəssisələrinin mövcudluğu və onların fəaliyyət göstərməsidir. Lakin bu fəaliyyətin keyfiyyəti, səmərəliliyi və nəticəsi həlledici göstərici sayılmır.

Baş nazirin müavini hesab edir ki, səhiyyə müəssisəsinin dövlətdən ayrılan vəsait hesabına indiki formada maliyyələşməsi onun fəaliyyətində kreativ yanaşmalara, daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə stimul yeri qoymur.

Odur ki, gələn ildən etibarən icbari tibb sığortanın tətbiqinə başlanması nəzərdə tutulur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər