21 Aprel 2023 11:31
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti Ramazan ayını başa vurduq. Bu ayı yaşamağı arzulayan çox oldu, ancaq ömür hər kəsə vəfa etmədi. Bizə bu ayı yaşamağı, onun fəzilətlərindən faydalanmağı nəsib edən ulu tanrıya şükürlər olsun. Bu gün ölkəmizdə artıq bayram günü qeyd olunur. Ramazan fərdi ibadətlə yanaşı, həm də ictimai ibadətdir. Bu ibadətin əsas məqsədlərindən biri insanlar arasında birlik və həmrəyliyi qorumaqdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, dinşunas alim Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, oruc tutan insanlar bu prinsipləri əsas tutmalı, ixtilaf yaradan, insanların birlik və bərabərliyini pozan bütün əməllərdən uzaq olmalıdır:

“Bayram günlərində çalışaq daha çox imkansız insanlara əl tutaq, valideynlərimizi, yaxınlarımızı, doğmalarımızın qəbirlərini ziyarət edək. Şəhid ailələrinə və qazilərimizə daha çox diqqət ayıraq. Səmimi bayram abı-havası yaradaq. Bayram paylaşdıqca daha da gözəl olur. Eyni zamanda, ixtilafdan, küsməkdən, qarşıdurmadan uzaq olaq. Birlik və bərabərliyimizi hər zaman qoruyaq”.

Deputat bildirib ki, bu Vətən bizimdir, onu göz-bəbəyimiz kimi qorumaq hər birimizin müqəddəs borcudur:

“Uca Rəbbimizə dövlətimizin daha da güclü olması, Prezidentimizin rəhbərliyi ilə müstəqilliyimizin və qələbəmizin daha da möhkəmlənməsi üçün çoxlu dualar edək. Uca Tanrı dövlətimizi və xalqımızı qorusun! Allah bütün dua və orucları qəbul etsin! Bayramınız mübarək!”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər