14 İyun 2023 12:45
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Ulu Öndər Heydər Əliyev mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin 100 illiyi və Milli Qurtuluşun 30 illiyi tədbirləri müasir parlamentarizm tarixinin ən parlaq hadisələri kimi yadda qalacaq:

“Əgər 30 il əvvəl bu salonda bir qrup vətənpərvər deputat Heydər Əliyevi sədaqətlə müdafiə edirdilərsə, digərləri özünü xilas etməyə görə, bəziləri də konyunktura naminə çıxış edirdilər. 1990-cı ildə bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Heydər Əliyev Bakıya qayıdarkən təəssüf ki, Bakıda Moskvadakından daha təhlükəli təqiblərlə üzləşdi. Heydər Əliyev bütün təhdidlərə baxmayaraq cəsarətlə milli xəyanətkarların cavabını verirdi. Çünki Heydər Əliyevin gücü başqaları kimi vəzifədə deyil, polad iradəsində və xalqın ona inamında idi”.

O qeyd edib ki, Milli Qurtuluş Qarabağın işğaldan qurtuluşunun başlanğıcı oldu:

“Azərbaycan o illərdə özünə yad populist, qaragüruh qüvvələrdən qurtularaq dövlətçilik və azərbaycançılıq təfəkkürünə qayıtdı. Azərbaycan xarici və daxili düşmənlərin müdaxiləsinə son qoyaraq tarixi hadisələrin gedişatını öz təbii axarına qaytardı. Azərbaycan demokratiya şüarları ilə hakimiyyətə gəlmiş diktatura rejimindən qurtulmuş oldu. Azərbaycan xalqı qəlbində yaşatdığı azadlıq və müstəqillik simvolu - Heydər Əliyev ilə yenidən qovuşdu. Heydər Əliyevin qayıdışı və Milli Qurtuluşla nəhayət ki, Azərbaycanda əsl milli müstəqil hakimiyyət quruldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər