“Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyi (UN Council for Public Awards) MMC kimi Britaniyada və Rusiyada qeydiyyatdan keçən şirkətdir. Onlar BMT adından sui- istifadə edib bizim publik şəxslərə, məmurlara, iş adamlarına, tanınmış şəxslərə, bəzi sənətkarlara uzun illərdir medal və təltifnamələr satıblar. Nəticədə BMT dilə gələrək bildirib ki, bizim belə təşkilatımız yoxdur”.
Bunu Teleqraf.com-a açıqlamasında vəkil Aqil Layıc deyib.
O qeyd edib ki, həmin təşkilatın ünvanı olaraq Cenevrə, İsveçrə yazılıb, üzərində isə BMT-nin emblemi də var.
“Bu isə insanları aldatmağa yönəlib. İctimaiyyəti yanıldaraq sanki BMT-nin alt qurumu təəssüratını yaradırlar”.
Aqil Layıc əlavə edib ki, həmin qurum 2010-cu ildən bu yana davamlı olaraq təltiflərini təqdim edir.
"Sonuncu dəfə isə 2022-ci olub. Amma heç bir təltifdən söhbət gedə bilməz. Bu təltiflərin kimlərə verilməsi ilə bağlı sosial şəbəkədə də paylaşım etmişəm. Siyahı paylaşdıqlarımdan da çox böyükdür və publik olmayan adamları da ehtiva edir".
Aqil Layıc həmin paylaşımda təşkilat tərəfindən məmurlara verilən mükafatları təqdim edib:
"Yaqub Mahmodov- Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “XXI əsrin lider şəxsiyyəti” Beynəlxalq mükafatı(1), Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Lider”, “Avropa xidmət” və “Avropa lideri ulduzu” ordenləri(2), Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Sülh səfiri” fəxri titulu(3),
Abel Məhərrəmov- Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Sülh səfiri” fəxri titulu, ilin sülh və vicdan ulduzu titulu,
Xoşbəxt Yusifsadə- Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Avropa xidməti” mükafatı,
Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev- eyni şirkət tərəfindən “Avropa ordeni” mükafatı,
BDU-nun kafedra müdiri, professor İradə Hüseynova həmin təşkilat tərəfindən BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni,
Deputat Eldar Quliyev- şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Korifey” mükafatı,
Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev - innovasiya adamı tituluna layiq görülüb".
UNCOPA-nın təmsilçisi kimi tanınan, şair, nasir Elçin İsgəndərzadə saytımıza açıqlamasında bildirib ki, iki il bundan öncə təşkilatın bir çox təmsilçilərinin fəaliyyətinə xitam verilib.
"O cümlədən də bizim türkdilli ölkələr qurumunun fəaliyyətinə son qoyulub. Son iki ildə UNCOPA - Azərbaycanda Millətlərin Birləşmiş İctimai Təltif Şurasının Azərbaycanda fəaliyyəti dayandırılıb. Onun rəhbəri dünya şöhrətli şair, yazıçı, dövlət xadimi Mixail Pekelis dünyasını dəyişəndən sonra orda yeni komanda formalaşdı.
Təşkilatın baş ofisi Cenevrədədir. Mən 2009-cu ildən 2021-2022-ci ilə qədər təşkilatın türkdilli ölkələr təmsilçisi olmuşam. Bizim ofisimiz Moskva şəhərində idi. Həmin ofisdə səlahiyyətlərin çoxu ermənilərin əlinə keçdi. Və mən də Şuşa doğumlu, azərbaycanlı ziyalısı olaraq ermənilərin çoxluq təşkil etdiyi təşkilatdakı fəaliyyətimdən imtina etdim. Bir ildir ki, ölkənin çox strateji elmi tədqiqat institutuna direktor təyin olunmuşam. Ona görə ictimai, sosial işlərdən uzaqlaşmışam. Ola bilsin ki, bəlkə kimsə o təmsilçiliyi yenidən yaradıb. Amma bundan xəbərim yoxdur".
O qeyd edib ki, təşkilatın adı Birləşmiş Millətlər Təşkilatı yox, Millətlərin Birləşmiş İctimai Təltif Şurasıdır. Bu ad uzun illər təhrif olunaraq BMT kimi təqdim edilib.
Təmsilçi təltif vərəqlərində BMT-nin rəsmi embleminin vurulmasına da aydınlıq gətirib:
"1991-ci ildə UNCOPA Birləşmiş Millətlər Təşkilatının damı altında fəaliyyət göstərib, 2000-ci ildən isə müstəqil qurum kimi Cenevrədə fəaliyyətini davam etdirib və 100-dən çox təşkilatı əhatə edib. Emblemin də təltiflərdə əks olunması məhz bununla bağlı olub. Çünki UNCOPA yarandığı gündən BMT-nin məramlarını özü üçün hədəf seçmişdi".