13 Sentyabr 2023 17:02
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan erməniəsilli şəxslərə baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüşü keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən qeyd edilib.

Bildirilib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

"BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə əlavə ediblər.

Qeyd edək ki, bir sıra erməni KİV-lərində iyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryanın ailəsinə yenə məktub göndərdiyi bildirilir. Bu barədə sözügedən şəxsin qızı məlumat verib.

Xaçatryanın qızı qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini öyrəniblər.

“Deyirlər səhhəti normaldır. Qırmızı Xaçın nümayəndələri ayda 1 dəfə atama baş çəkirlər” - deyə o, əlavə edib.

Xatırladaq ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər