30 Dekabr 2023 12:42
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, hazırda Məcəllədə qeyd edilib ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklə isə yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər