İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, müxtəlif gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Gənclərin seçki prosesində iştirakının təşviqi” adlı beynəlxalq konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirə Tatarıstan Respublikasının (RF) aparıcı “Selet” gənclər hərəkatının rəhbəri Aygül Qabdrrəhmanova, Qazaxıstanın aparıcı hakim “Amanat” partiyasının “Jastar Ruhu” gənclər qolunun direktoru Akerke İsgəndərova, Avropada müsəlman icmaları ilə iş üzrə Rumıniya “Şəhrizad” Gənclər Fondunun prezidenti Vəcihə Haris, Pakistanın “Gənclərin Müdafiəsi üzrə Şəbəkə” təşkilatının sədri Fsahat ul-Həssənin spiker qismində qatılıb.
NAYORA Baş katibinin moderatorluğu ilə keçən müzakirələrdə gənclər və gənclər təşkilatlarının iştirakı ilə fəal vətəndaşlığın prinsipləri ətrafında müzakirələr keçirilib, iştirakçılar demokratik proseslərdə gənclərin iştirakının uğurlu təşviqi üzrə beynəlxalq təcrübələrini bölüşüblər.
Konfrans ərzində iştirakçılar müxtəlif ölkələrdə gənclərlə iş üzrə innovativ yanaşmaları müzakirə edərək ideya mübadiləsi ediblər. Bu müzakirələr ilk növbədə hər regionda unikal çağırış və imkanların olduğu nəzərə alınaraq fərqli mədəni kontekstlərlə uzlaşan strategiyaların müəyyən olunması məqsədi daşıyıb.
Konfransda eyni zamanda 7 fevral tarixində Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri və bu seçkilərdə gənclərin iştirakı da müzakirə edilib. Xarici qonaqlar Azərbaycanın inkişafı istiqamətində müşahidə etdiklərini, xüsusilə, Qarabağın azad edilməsi kimi mühüm bir qələbəni həyata keçirmiş, bununla da son iki əsr ərzində müsəlman ölkələri tarixində mühüm addıma imza atmış prezident cənab İlham Əliyevin fəaliyyətini əsas gətirərək onun yenidən Azərbaycan prezidenti seçilməsi ilə bağlı öz dəstəklərini ifadə ediblər. Spikerlər gənclərin fevralın 7-si Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etməsinin vacibliyini vurğulayaraq, onlara tanınmış siyasi fiqur cənab İlham Əliyevin örnək ola biləcək liderliyindən motivasiya almağı məsləhət görüblər.
Konfrans tək gənclərin seçkilərdə fəal iştirakının müzakirəsi üçün deyil, o cümlədən, müxtəlif ölkələrdən olan gənc liderlərin birliyi üçün də platforma rolunu oynayıb. Müzakirənin nəticəsi kimi irəli sürülən təklif və ideyaların gənclərin gələcəkdə hazırlayacağı strategiyalarda öz əksini tapması fikri xüsusi vurğulanıb.