4 Aprel 15:50
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanında yerləşən onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub. Əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə peyk antenası götürülərək mümkün fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

"Bundan başqa, güclü küləyin təsirindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 3A ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün qopub düşməsi nəticəsində qonşu evə giriş-çıxışın məhdudlaşması, habelə insanların sərbəst hərəkətinə maneə yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qopmuş dam örtüyünü ərazidən götürərək, fərdi yaşayış evinə giriş-çıxışı və vətəndaşların sərbəst hərəkətini bərpa ediblər", - məlumatda qeyd olunub.

Həmçinin, vurğulanıb ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, bina 110 ünvanında üçmərtəbəli qeyri-yaşayış binasının dam örtüyünün vətəndaşlar üçün yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər