Aprelin 15-də 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.
Konfransa hazırlıq işlərindən danışan Muxtar Babayev bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhvə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür:
Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü deyən M.Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək: "Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır. Ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirib".
M.Babayev xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib:
“Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşir. Çaylarımızda və Xəzər dənizində suyun azalması səhralaşma kimi problemlərə çevrilir”.