13 May 17:51
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci yazı

II Dünya müharibəsindən sonra Azərbaycan istiqlal mübarizəsində Aküzüm ailəsinin fəal rol oynadığını görürük. İki yüz ildən bir qədər çox müddət əvvəl Şuşadan Qarsa köçən bu ailənin nümayəndələri Cümhuriyyət dövründə təkrar Azərbaycana qayıdıb, daha sonra yenidən Türkiyədə məskunlaşıblar. Feyzi Aküzümün timsalında Məhəmmədəmin Rəsulzadənin yanında yer alan bu ailənin təmsilçiləri Qarsın ictimai-siyasi həyatında da özünəməxsus yer tutublar.

Ailənin üzvlərindən Hacı Əhməd Aküzüm 1990-cı ildə Ankarada çap etdirdiyi “Xatırlaya bildiklərim. Aküzüm ailəsinin soyağacı” adlı kitabında olduqca önəmli məlumatlar təqdim edib. Əhməd bəy Şuşadan köç edən atalarının adlarını bu şəkildə sadalayıb:

“1906-cı ildə Qarsın Aküzüm kəndində dünyaya gəlmişəm. Atamın adı İskəndərdir. O da 1854-cü ildə Aküzümdə doğulub. Babam Hacı Əhməd isə 1802-ci ildə Azərbaycanın Qarabağ əyalətinin Şuşa şəhərində dünyaya göz açıb. Onun atası Hacı Allahverdi də Qarabağda doğulub. Hacı Allahverdi dədəm özündən kiçik üç qardaşı, anası və bir çox yaxın əqrəbaları ilə birlikdə Qarabağdan gələrək indiki Aküzüm kəndinin olduğu mövqeyə yerləşiblər.

Hacı Allahverdi dədəmin atası İskəndər, onun atası Məhəmməd, Məhəmmədin atası Süleyman və onun atası da Hüseyndir. Yəni yeddinci dədəm Hüseynə qədər bütün dədələrim Qarabağda doğulub, orada yaşayıblar. Atalarımın hamısı türk və müsəlman olaraq etiqadlarını nöqsansız şəkildə yerinə yetiriblər... 1725-ci ildən bu yana yaşayan dədələrimizlə bağlı bütün məlumatları atamızı kiçik yaşda itirdiyimiz üçün mərhum böyük qardaşım Əsədullahdan almışam”.

Aküzüm ailəsi Qarabağda heyvandarlıq, çiftçilik, ticarətlə məşğul olublar

Hacı Allahverdinin Qarsa köçü

Hacı Allahverdi əqrəbaları və yaxın ətrafı ilə birlikdə Qarabağdan köçərək Kızılçakçaka (Akyaka) gəlib, məskunlaşmaq üçün yer istəyib. Qafilə müvəqqəti olaraq Kızılçakçakın yaxınlığındakı Dihniz kəndinə yerləşdiriliblər. Orada 4 il qalıblar, daha sonra torpağı və suyu daha yaxşı olan ərazi tələb ediblər. Nəticədə 1810-cu ilin sonlarına doğru Aküzüm kəndinin olduğu yeri seçiblər. Azərbaycandakı eyniadlı kəndin adını burada da yaşadıblar. Qars çayının iki qismə ayırdığı bu böyük kənddə ermənilərlə türklər əvvəl bir yerdə yaşasalar da, daha sonra ayrılıblar. Ermənilərin yaşadığı yer Kiçik Aküzüm, türklərinki isə Böyük Aküzüm kəndi adlandırılıb.

1850-ci illərdə baba Hacı Əhməd bölgənin rusların əlinə keçməməsi üçün Aküzüm və digər kəndlərdən topladığı 50 nəfərlik dəstə ilə mücadilə aparıb. O, 1910-cu ildə 108 yaşında ikən Aküzümdə vəfat edib. Hacı Əhməd Aküzüm adını daşıdığı babasını bu şəkildə xatırlayıb:

“108 yaşına rəğmən olduqca gur saçları vardı... Böyük qardaşım Əsədullah bəy 1906-cı ildə Pernavut bəylərindən Mahmud bəyin qızı Cəvahir xanımla nişanlanır və bir müddət sonra atam gəlini almaq üçün Pernavuta gedir. Atam gəlinlə birlikdə qayıtdığı zaman mən dünyaya gəlmişəm. Məni babamın yanına aparırlar, qulağıma azan və iqamə oxuyaraq öz adını mənə verir, Cəvahir xanımı da “ayağı uğurlu gəlin” kimi dəyərləndirir. Hacı babamla aramızdakı ilk bağ beləcə qurulmuş olur. Onu həmişə kəndimizdə ağacların altında oturarkən xatırlayıram... Mərhum qardaşımdan eşitdiyimə görə babam təqribən 65 yaşında həccə gedib”.

Baba Hacı Əhməd həcc ziyarəti üçün Aküzümdən Gümrüyə qədər atla gedib, oradan qatarla Tiflisə, Tiflisdən quru yolla Batuma, oradan da vapurla İstanbula yollanıb. İstanbuldan yenə vapurla Ciddəyə, oradan da Məkkə və Mədinəyə çatıb. Eyni yolla geri qayıdıb. Bu səfər altı ay davam edib.

Baba Hacı Əhməd 50 yaşlarında Yılanlı kəndindən Hacı Qəmbərin qızı ilə evlənib. Bu, onun ikinci evliliyi olub. Bu qadından onun İskəndər, Məhərrəm, Məhəmmədhüseyn, Qasım adlı oğlanları, Zinyət adlı qızı doğulub. Bu qadının vəfatından sonra Hacı Əhməd 65 yaşında Şirin adlı qadınla ailə həyatı qurub, bu evlilikdən Əsəd, Mahmud və Məsmə adında üç övladı doğulub. Mahmud və Məsmə ermənilərin törətdikləri qətliamlar zamanı şəhid olublar. Əsəd Nijdə xəstələnərək vəfat edib.

93 müharibəsi və Qarsın işğalı

93 müharibəsi kimi bilinən 1877-1878-ci il Rusiya-Türkiyə müharibəsindən sonra imzalanan müqavilələr nəticəsində Qars bölgəsi Rusiyanın müstəmləkəsi altına keçib. Ruslara qarşı mübarizə aparan dəstələr daha sonra onlara təslim olublar. Amma Hacı Əhməd Rusiyaya sədaqətini bildirmədiyi üçün valiliyə şikayət edilib, nəticədə o, rəsmi məqama çağırılıb. Nə üçün sadiqlik göstərmədiyi soruşulunca Hacı Əhməd belə cavab verib: “Dədəmin mənə nəsihətidir. Əgər bir şəxsin və ya bir dövlətin xidmətində olduğun zaman həmin dövlət devrilərsə, əsla onu arxadan vurmağa çalışma. Biz müsəlmanıq, həm dinimiz, həm də insanlığımız belə əmr edir”. Rəsmi şəxs bu cavabdan sonra onu azad edib.

Hacı Əhmədin oğlu İskəndər çar dövründə rumların yerləşdirildikləri Subatan və ermənilərin yerləşdirildikləri Bayraqdar və çevrəsində 14 il nahiyə müdiri vəzifəsində çalışıb. İskəndərin oğlu Əsədullah isə Kızılçakçak qaimməqamlığında baş katib olaraq işləyib. İskəndər bəy nahiyə müdiri olduğu vaxt İrəvana gedib gəlib. İrəvanda ikən oranın məşhur çövkən oyunçusunu məğlub edib, daha sonra həmin şəxslə dostlaşıblar. İskəndər bəy vəzifəsindən ayrıldıqdan sonra bəzi fürsətçilər onu Qarsın valisi erməni general Karqanova şikayət ediblər. Osmanlıya casusluq iddiası ilə valiliyə çağırılan İskəndər bəy Aşqabada sürgün olunub. Orada ikən boğazında şiş çıxıb, həkimlər Gəncəyə getməsini tövsiyə ediblər. Əsədullah Aküzüm bu hadisəni belə xatırlayıb:

“Atam bu tövsiyəyə əməl edərək yola çıxır. Aşqabaddan Gəncəyə qədər qatarla gəlir. Gəncə stansiyasından atlı dekovillə mərkəzə yollanır. Hotel axtaran atam daha sonra dostlaşacağı, ardınca qızını Lətif bəyə alacağı gəncəli Sarı Ələkbər bəyin hotelini uyğun bilərək yerləşir. Həmin tarixdə Gəncə valisi olan Dr. Xudadad bəy həm cərrah, həm də Ələkbərin dostu olduğu üçün onun yanına gedirlər. Xudadad bəy ona vaxt itirmədən əməliyyat üçün Tiflisə getmələrini tövsiyə edir. Atam Ələkbər bəylə birlikdə Tiflisə doğru hərəkət edir. Orada xəstəxanaya yatırılır. Mən o tarixdə Kızılçakçak qaimməqamlığında baş katib olaraq çalışırdım. Atamdan xəbər intizarında olduğum vaxt bir gün bir teleqram gəlir. Teleqramda xəstə olduğunu, Tiflisdə xəstəxanaya yatdığını, keçiriləcək əməliyyatda olmağım üçün dərhal yola çıxmağımı istədiyini bildirirdi. Tez yola çıxdım. Mən Tiflisə çatar-çatmaz atamı əməliyyata qəbul edirlər. Əməliyyat otağına Xudadad bəy də daxil olmuşdu... Atam bir ay xəstəxanada qalır. Ona gərəkli müalicə edilir, bir ay sonra Xudadad bəyin tövsiyə və dəstəyi ilə altı aylıq təbdil hava raporu ilə oradan kəndə qayıdır”.

İskəndər bəyin kəndə qayıdışı böyük hadisəyə çevrilib, aylarla evi ziyarət olunub. Buna görə də bədxahları yenidən valiyə şikayət ediblər. İskəndər bəy və oğlu Əsədullah bəy şəhər mərkəzinə gediblər. Əsədullah bəy atasının erməni general Karqanovla görüşünü belə xatırlayıb:

“Uzun dəhlizin baş tərəfində olan qapıya yaxınlaşdıq. Qapının önündəki xidmətçi içəri girərək atamın gəldiyini bildirdi və geri dönüb onu içəriyə çağırdı. Atam irəliləyərkən mən də açıq qapının aralığından içəri baxıram. Vali otağın içərisində iki qədəmlə ucaldılmış kəsimə yerləşdirilən masanın başında oturmuşdu. Atamla göz-gözə gəldiyi anda gur səsi ilə bağırmağa başladı: “Birincisi, sən Osmanlı dövlətinə xəbər sızdırmısan. İkincisi, mən səni sürgünə göndərirəm, sən isə qısa bir müddət sonra xəstəlik bəhanəsiylə evinə qayıdırsan. İki aydır buradasan, evinə girib-çıxanın həddi-hesabı yoxdur. Bütün bunlar nə deməkdir, danış”.

Atam o ana qədər Karqanova yuxarıdan baxırdı. 1.90 sm boyu, üzərində qara çərkəziki forma və belindən əsla açmadığı qalın kəməri ilə dimdik ayaqdadır. Vali hələ sözünü bitirməmişdi ki, ondan daha yüksək bir səslə: “Karqanov, Karqanov, mənə bax. Sən məni sorğu-sualsız, məhkəməsiz, haqsız yerə edilən iftiralarla sürgünə yolladın... Mən saxta raportla gəlmədim, adı hələ bilinməyən bir xəstəlik keçirdim. Ağır bir əməliyyatdan çıxdım... Mənə iftira atanlar kənddəki qonşularımdır”.

Karqanov zəngə basaraq xidmətçidən müvafiq dosyanı istəyir. Baş katibin gətirdiyi dosyanı gözdən keçirir və sonra atama dönərək “sən haqlısan” deyir, dosyanı bağlayır”.

Vali İskəndər bəydən dosyanı tam qapatmaq üçün kənddən yaxşı hal kağızı gətirməsini istəyib. Əsədullah bəy bu vəzifəni yerinə yetirib, beləcə İskəndər bəy iftiralardan qurtulub.

İskəndər bəy 1918-ci ildə 64 yaşında ikən Aküzüm kəndində vəfat edib. Hacı Əhməd o günü belə xatırlayıb:

“Mən o zaman 12 yaşında idim. Vəsiyyət edərcəsinə danışdığı üçün ağlamağa başladım. Mənə üzünü çevirərək “sus, indidən ağlama, əsl ağlayacağınız günlər bundan sonra başlayacaq” dedi. O anda bu sözlərin anlamını çox qavraya bilmədim. Bu dərin sözün anlamını bolşevik rusların və ermənilərin kəndimizə girdikləri vaxt ailəmizin üzvlərinin ard-arda şəhid olduğu, kəndimizi, evimizi tərk edərək ac-susuz, məzarlıqlarda gecələdiyimiz günləri yaşadığımız zaman anlayacaqdım”.

Davamı var...


Müəllif: Dilqəm Əhməd