Abşeron rayonunun Saray və Masazır qəsəbələri ərazisində xeyli silah-sursat tapılıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 32 ədəd 7x62 mm-lik mərmi, 180 ədəd 5x45 mm-lik mərmi, 8 ədəd 9 mm-lik mərmi, 1 ədəd 9 mm-lik tapança, 25 ədəd F-1 əl qumbarası, 3 ədəd RQD-5 əl qumbarası və 33 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş 1 ədəd 9 mm-lik tapança aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.