Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, o, vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.
N.Həsənova vəzifəsindən ayrılmasına səbəb kimi səhhətində yaranan problemləri qeyd edib. O, fəaliyyətini sözügedən təhsil ocağında müəllim kimi davam etdirəcək.
Direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.
Qeyd edək ki, N.Həsənova bu vəzifəyə 2022-ci ildə təyinat almışdı. O daha öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən verilən məlumata görə, Nərmin Həsənova işlədiyi müddətdə vəzifə funksiyalarının icrasına hər zaman məsuliyyətlə yanaşıb və öhdəliklərini layiqincə yerinə yetirib.
Nərminə Həsənova yaydığı açıqlamasında bildirib: "Böyük Qayıdışın ilk məktəbi – Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq, həqiqətən, qürurverici hissdir. Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizlə əl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq. Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəb direktoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarix müəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imza atacağıq".