17 İyul 13:09
6 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub. Bu gün Quba rayonunda da 3.2 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar Xınalıq stansiyasından 12 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı 43 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb. Ötən ay cənub bölgəsində 5 bala yaxın təkanlar qeydə alınıb.

Bölgələrdəki təkanlar nədən xəbər verir?

Teleqraf.com-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, Azərbaycanda elə bir zona yoxdur ki, orda güclü zəlzələ gözlənilsin:

"Azərbaycanda hər gün xırda təkanlar olur. Bunların içərisində hiss olunanı da ola bilər, hiss olunmayanı da. Ancaq 9-10 bal gücündə dağıdıcı, güclü zəlzələ ehtimalı yoxdur. Baş verən təkanlar qorxulu deyil. Respublika Seysmoloji Xidmət Mərkəzi il boyu mütəmadi olaraq zəlzələnin analizini aparır.

Ötən günlərdə rayonlarda 5 bala yaxın zəlzələ oldu. Zəlzələnin zəif, orta, güclü, hiss olunan, dağıdıcı növləri var. Xəzərdə olan zəlzələ Türkmənistana yaxın olan zəlzələ idi. Gürcüstan ərazisindəki zəlzələ sərhəd rayonlarda hiss olunub. Bu zəlzələlər qorxulu deyil.

Gürcüstanın özündə episentrdə təkanların gücü 4 baldan artıqdır. Yaxın zamanda cənub bölgəsində də təkanlar oldu. Bunlar böyük zəlzələlər deyil. Blokların hərəkəti, qravitasiya sahəsinin dəyişməsi öyrənilir. Harada, necə aktivlik var, sularda olan biokimyəvi tədqiqat aparırıq. Azərbaycanda 6-7 bal arası zəlzələ olacağını deməyə əlimizdə əsas yoxdur”.

Qurban Yetirmişli deyir ki, bölgələrdəki zəlzələyə görə təlaş keçirməyə dəyməz:

“Belə təkanlar saniyələrlə ərzində yüngülvari hiss olunur. Ölkədə elə gün olmur ki, 20-30 təkan baş verməsin. Bəzilər hiss edilir, əksəriyyəti yox. Buna əhali alışmalıdır. Təkanlar soyuqqanlılıqla qəbul edilməlidir. Yanvar ayından bu yana afterşokları nəzərə almasaq, 3600 təkan olub. İl ərzidə təkcə Azərbaycanda 5000-6000 min təkan olur. Heç biri qorxulu deyil”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər