Bu gün Bakıda avtobus parkları yenilənsə də, təəssüf ki, hələ də istismar müddətini başa vurmuş avtobuslardan istifadə edilir. Xüsusən, yay ayının ən böyük problemlərindən biri də sərnişin avtobuslarında sərinləndirmə sisteminin olmamasıdır. Tıxacda qalan avtobuslarda nəfəs olmaq mümkün olmur. Vətəndaşlar bildirir ki, avtobuslardakı oturacaqların sınıq-sökük oturacaqlar ilə yanaşı toz-torpaqla dolu olan bu avtobuslar gigiyenik cəhətdən də onları narahat edir.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Bakının ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara cavab vermir:
“Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.
Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediliəcək. İlk olaraq marşrut şəbəkəsinin tətbiqi Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərən yeni marşrutlar üzrə başlanılıb”.
Qurumdan bildirilib ki, avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır:
“Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.
Köhnə avtobusların yeniləri ilə əvəz olunmasının necə həyata keçirildiyi ilə bağlı “Xaliq Faiqoğlu” şirkətindən Teleqraf.com-a bildirilib ki, şirkət avtobus parkını 80 faizdən artıq yeniləyib:
“Şirkətimizin istismarında olan avtobusların böyük əksəriyyətinin istehsal tarixi 10 ildən azdır. İli köhnə olan avtobusların da tədricən yenilənməsi nəzərdə tutulur. Sərnişinlərin xidmətinə müsair standartlara cavab verən Avro-6 standartlı avtobuslar verilib. Bu məqsədlə yerli və xarici maliyyə institutlarından böyük məbləğdə investisiyalar cəlb etmişik”.
Nəqliyyat eksperti Yasin Mustafayev hesab edir ki, daşıma şirkətləri avtobus parklarını yeniləməlidir:
“Bu insanların rahatlığı üçün effektiv olar. Düşünürəm ki, bizdə bəzi daşıyıcı şirkətlərin maliyyə problemləri var. Ona görə də tələb olunan səviyyədə keyfiyyətli xidmət təqdim edə bilmirlər. Bəzi daşıyıcılar isə səhlənkarlıqlara yol verirlər.
Ancaq istənilən halda onların bəhanələri qəbuledilməzdir. Daşıyıcılar vətəndaşlara yüksək səviyyədə xidmət göstərməlidir.Onlara xəbərdarlıqlar edilməli və işləmələri üçün təkliflər planı təqdim edilməlidir. Onlar da bu təkliflərə adekvat xidmət göstərməlidirlər. Əgər isitmə-soyutma sistemləri yoxdursa, həmin nəqliyyat vasitələri reysə buraxılmamalıdır.
İndiki istilərdə avtobus tıxacda qaldığı və ləng hərəkət etdiyin üçün içərisində temperatur hədsiz dərəcədə yüksək olur. Mərhələli şəkildə ən bərbad səviyyədə xidmət göstərəndən başlayaraq marşrutlar daşıyıcılardan alınmalıdır. Bir neçə daşıyıcı bu cür cəzalansa, digərləri də ibrət alaraq lazımi səviyyədə xidmət təqdim edə bilərlər".