Regionlarda futbolu daha da inkişaf etdirmək, əhalidə oyunlara maraq yaratmaq və oyunlarda iştirakı təşviq etmək məqsədi ilə Futbolun İnkişaf Fondu və “Bizon” arasında müqavilə imzalanıb.
Teleqraf.com xəbər verir ki, tərəfdaşlıq müqaviləsini fondun biznesin inkişafı üzrə şöbə müdiri Babək Sarıvəlili və “Avrora” MMC-nin sərinləşdirici içkilər şöbəsinin rəhbəri Hikmət Axundov imzalayıblar. Razılaşmaya əsasən “Bizon” region futbol klublarının oyunları zamanı tamaşaçıların vaxtının səmərəli keçirilməsinidə və oyunlara azarkeş marağının artırılmasında dəstək göstərəcək.
Məlumat üçün bildirək ki, 2016-cı ildə AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu 2022-ci ildən fəaliyyət çərçivəsini genişləndirərək region futbol klublarının dayanıqlı inkişafını təmin etmək, irs yaradılmasına nail olmaq və cəmiyyətin hər bir fərdinə bu prosesdə yaxından iştirak etmək imkanı yaratmaq məqsədini qarşısına qoyub.
“Bizon” güc və iradəni təcəssüm etdirən marka olaraq idman və əyləncə dünyasının liderlərindən biridir. Gənclərin qələbə əzmini dəstəkləyərək sponsor olduğu hər bir layihədə öz təsirini gücləndirir. Xüsusi və unikal dadları ilə fərqlənir. "Meydan Sənindir" sloqanı ilə gəncləri idmana təşviq edir.