“Bu gün ümumilli matəm günümüzdür. Bizim üçün çox ağır gündür”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Təzəpir Məscidində keçirilən anım mərasimində Qafqaz Müsəlmaları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
O, Allahdan dünyasını dəyişənlərin ailələrinə səbr diləyib: “Allah dünyasını dəyişənlərin ailələrinə səbr əta etsin. Vəfat edənlərin ruhları şad olsun. Bu bir faciədir, millətimizin başına gəlib. Belə faciələr dünyanın bir çox ölkələrində baş verir. Əlimizdən o gəlir ki, dünyasını dəyişənlərin ruhlarına dualar edək, Quran surələri oxuyaq, Fatihələr verək, ailələrə təsəlli olsun. Dua edək ki, Allah milətimizi belə hadisələrlə imtahana çəkməsin”.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.