"Azərbaycan Hava Yolları"na aid “Embraer-190” təyyarəsi yer səthi ilə təmas edənədək xarici təsirə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin təyyarə qəzası ilə bağlı ilkin hesabatında qeyd olunur.
Hesabatda təyyarənin quyruq hissəsinin sol tərəfinin fotosuna verilən şərhdə təyyarənin yer səthi ilə toqquşana qədər hidravlika sistemlərinin hava gəmisinin xarici obyektlərin təsirinə məruz qaldığı ehtimal olunduğu açıqlanıb: "Məlum zədənin nəticəsi hidravlika mayesi və təzyiq itkisi olub. Hava gəmisinin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyalar aşkar edilib", - ilkin hesabatda belə vurğulanır.
Bildirilir ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb: “Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
***
19:46
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin qəzaya uğrayan “Embraer-190” təyyarəsinin təhqiqatına dair ilkin hesabatı dərc edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutusunun məlumatlarının təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. Bildirilmişdi ki, “Embraer 190”ın məlumatları qəzanı araşdıran Qazaxıstan rəsmilərinə göndərilib.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZALA-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Hadisə zamanı Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.