"İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir".
Trend-in məlumatına görə, bunu Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası Zülfüqar Babayev mətbuata açıqlamasında deyib.
Vəkil bildirib ki, həmin maddənin 2-ci hissəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bu şəxslərin işdə saxlanmasına üstünlük verir: "Şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə”.
Hüquqşünas eyni zamanda bildirib ki, AR Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin və halların siyahısı göstərilmişdir. Belə ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu şərtlər işçinin işlədiyi müəssisə bağlandığı və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı hallara şamil olunmur.