Bu gün “İlaxır” çərşənbə münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi rayonunun bir neçə kəndində bayram şənlikləri təşkil edib.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Ağcabədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirə yüzlərlə məktəbli uşaq və gənc, habelə kənd ictimaiyyəti qatılıb.
Tədbirləri giriş sözü ilə açan mərkəzin nümayəndəsi Radə Telmanqızı bayram təbriklərini çatdıraraq, Azərbaycan xalqının min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu ildə hər yerdə böyük sevinc və fərəhlə qarışladığını vurğulayıb. O bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük qayğı və dəstəyi nəticəsində muğam sənətindən sonra Azərbaycanın aşıq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib: “Azərbaycan dövlətinin təşəbbüsü ilə BMT-nin Baş Məclisi 21 martı "Beynəlxalq Novruz Günü" elan edib”.
Tədbirdə çıxış edən rayon ağsaqqalları xalqımıza xeyir-dualarını veriblər. Bildiriblər ki, Novruz bayramı gələndə elimizə-obamıza yeni nəfəs gəlir, torpaq oyanır, hər şey yenilənir, tər çiçəklər açır. Bizim çox adətlərimiz vardır. Onlardan biri də tonqal qalamaqdır. Bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı. Gəlin biz də hamımız bir yerdə olaq, üç tonqal qalayaq.
Çıxış edən rayon gəncləri tezliklə bayram şənliklərinin Şuşada, Laçında və digər işğal altında olan rayonlarımızda qeyd edəcəklərinə əmin olduqlarını bildiriblər.
Daha sonra tonqal qalanıb, məktəblilərin ifasında maraqlı səhnələr, şeir və mahnılar, habelə rəqslər və idman nömrələri təqdim olunub.
Tədbirə Novruzun əsas personajlarının - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosanın gəlməsi də bayram şənliyini daha yaddaqalan edib. Bayram şənliyi gənclərin müxtəlif yarış və müsabiqələri ilə davam etdirilib.
BƏXTİYAR