Məlumat Hesablama Mərkəzi yeni layihə həyata keçirir
Azərbaycanda yeni televiziya yayım standartı - HLS (HTTP Live Streaming) kommersiya istismarına başlanılır. Layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə birgə reallaşdırılır.
Məlumat Hesablama Mərkəzi ilə “A+A Group of Companies” şirkətlər qrupu arasında imzalanmış müqavilə əsasında yeni bir layihə işıq üzü görüb.
60 kanal və pərakəndə satış
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, tamaşaçılar bu xidmət vasitəsilə paketə daxil olan televiziya kanallarını internetdə daha asan və rahat izləmək imkanı əldə edəcəklər.
Xidmətə iyunun ortalarında qoşulmaq mümkün olacaq. İstifadəçilər bir neçə televiziya paketindən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox arasında dəyişəcək. Yeni xidmət internet provayderlərlə olduğu kimi, pərakəndə satış məntəqələri ilə də birgə tətbiq ediləcək.
“A+A Group of Companies” şirkətlərinin rəhbəri Rauf Əliyevin sözlərinə görə, bu xidmətdən istifadə etdikdə peyk anteni quraşdırmağa, TV kabelləri çəkməyə və ya bahalı avadanlıq almağa heç bir ehtiyac qalmır: “Bu məhsul iki Ott.az və RA texnologiyası ilə izləmək mümkündür. Bu texnologiyalarla kanalları yüksək keyfiyyətdə izləmək üçün yalnız internetə qoşulmaq kifayətdir.
İstifadəçilərin maraqlarını və dil seçimlərini nəzərə alaraq, mütəmadi olaraq yayımlanan TV kanalları seçilib siyahıya əlavə edilib. Onlayn TV kanal paketinə həm rus, türk, həm də Azərbaycan televiziya məkanının kanalları daxildir. Canlı yayımda futbol oyunlarına, kino, əyləncə proqramlarına baxmaq daha rahat olacaq.
Paketə daxil olan kanallar arasında TRT, AzTV, NTV+Futbol, Disney TV və sair tele-kanallar var. Texnologiya internet xəttinizi ciddi yükləməyərək TV verilişlərinə problemsiz və yüksək keyfiyyətdə baxmağa imkan yaradır. Əgər sizin telefonunuzda internetə girmək üçün brauzer varsa, bu xidmət üçün internet paketinizdə, sadəcə, 1 Mb/s kanalı kifayətdir".
Müxtəlif ödəmə üsulu
Rauf Əliyev deyir ki, xidmətə qoşulmaq üçün vətəndaşlar özlərinə rahat olan qeydiyyat yolunu seçə bilərlər: “İstifadəçi adı və parolu daxil etməklə dünyanın istənilən yerində internet üzərindən türk, Azərbaycan və rus televiziyasına baxmaq imkanı əldə etmək mümkündür. Bunun üçün Ott.az və RA saytında qeydiyyatdan keçib, istənilən istifadə müddətini seçməklə ödəniş etmək kifayətdir. Vətəndaşların rahatlığı üçün müxtəlif ödəmə üsulları təklif edilir. Belə ki, xidmət haqlarının internet vasitəsilə, Milli ÖN ödəmə nöqtələri vasitəsilə və istənilən poçt şöbələrində asanlıqla ödəmək mümkündür”.
Məlumat üçün bildirək ki, Onlayn TV hər cür “smart” cihazda işləyir və yalnız internetin olması kifayətdir. Smart TV, kompüter, Ipad, Iphone və ya Android sistemində işləyən telefon və planşetlərdə internet brauzerdən (opera, İnternet Explorer, Chrome və s.) və ya mobil proqram təminatı yükləyərək, qeydiyyatdan keçib və kanalları izləmək olar.
İPhone və iPad üçün iTunes dan OTT.AZ proqramı yükləmək, androidsmartfonları üçün isə Google Play-ə daxil olub Ott.az proqramını telefona və ya planşetə yükləmək olar.
“Bu xidmət rayonlar üçün daha yaxşıdır”
Şirkət müdirinin bildirdiyinə görə, bu paket, sadəcə, internet vasitəsilə xidmətdir: “Bizim təqdim etdiyimiz onlayn TV kabel vasitəsilə deyil, resive qurğu vasitəsilə quraşdırılır. Əslində, dünya ölkələrində internetlə televiziya izləmək olur. Çünki kabel televiziya artıq geridə qalır. Bu ilki də biz Azərbaycanda tətbiq edirik.
Sadəcə, harmoniya texnologiyası ilə internetə qoşulur və TV izlənir. Düşünürəm ki, bu xidmət rayonlar üçün yaxşıdır. Çünki orada kanalların keyfiyyəti pisdir. Nazirliklə həyata keçirilən bu birgə layihə nəticəsində yüksək keyfiyyətli onlayn TV xidmətləri kabel televiziyalarına nisbətən daha ucuz və cəlbedici qiymətlə ölkə vətəndaşlarının istifadəsinə təqdim olunur".
Qeyd edək ki, həyata keçiriləcək xidmətin abunə haqqı 7 manat olacaq. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçiriləcək.
İlhamə