21 Avqust 2015 17:07
3 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Faytonçuyam atım qara, Özüm cavan, baxtım qara..."

Bu misralarla başlayan “Faytonçu” mahnısı yəqin çoxlarının yadındadır.

Keçmişdə nəqliyyat vasitəsi kimi üstünlüyü atlara verirdilər. Sonra atı arabaya qoşdular, sonra atı da, arabanı da şəhərə gətirib fayton düzəltdilər. Sonra mahnı yaratdılar... Mədəniyyət, incəsənət belə meydana gəlir. Texnika inkişaf edənə kimi Bakı da faytonsuz olmayıb.

Ötən əsrin əvvəllərində fayton şəhərimizin prestijli nəqliyyat növü sayılırdı. Daha sonra ekzotik gözəlliyə, gəzinti, əyləncə vasitəsinə çevrildi.

Əvvəllər Dənizkənarı Milli Parkda toy mərasimləri üçün sifariş gözləyən faytonlara daha sıx rast gəlinirdi. İndi sayları xeyli azalıb. Bildiyimizə görə, paytaxtda bir-iki fayton ola-olmaya. Daha bəylə gəlin üçün fayton sifariş verən də qalmayıb. Uzaqbaşı kimsə 15-20 dəqiqə əyləşib kinoda gördüyü həyatı özü üçün dirçəldir.

Biz faytonu Kukla Teatrının yaxınlığında haqladıq. Faytonçu dayanıb müştəri gözləyirdi. Yaxınlaşıb qəzet üçün söhbətləşmək istədiyimiz söylədikdə, heç bir etiraz eləmədi. Keçmişlərdən qalma faytonçunun kifayət qədər vaxtı vardı...

Çəhrayı rəngli, musiqi avadanlıqları ilə bəzədilmiş fayton...

Zamir Allahyarov Bakıda doğulub, elə burada da yaşayır. Nə az, nə çox, düz 12 ildir paytaxtda faytonçu işləyir. Deyir ki, bu peşəyə marağı ona nəsildən keçib: “Düşünürəm ki, mənim ata, faytona olan sevgim, həvəsim qanıma işləyib. Çünki babam, atam uzun illər faytonçuluq ediblər. Qardaşım da 15 ildir faytonçuluq edir. Bu işdə bir şey xoşuma gəlir: həm fəhləyəm, həm də müdir, həm ağayam, həm də nökər... Öz peşəmi, işimi çox sevirəm. Belə bir məsəl var, deyərlər, nə olursan ol, işinin ustası ol. Əminliklə deyə bilərəm ki, öz işimin ustasıyam. Neçə illərdən bu yana faytona marağın ən az olduğu il bu il oldu. Ötənlərdə faytonla gəzməyə maraq daha böyük idi. Mənim fikrimcə, gələn il şəhərə təzə fayton gətirsəm, gəzmək istəyənlərin sayı çox olacaq. Artıq bu ideyanı reallaşdırmaq üzəriyəm. Təzə faytona dizaynı özüm vermişəm. Yeni fayton müasir üslubda olacaq. Çəhrayı rənglə boyadacam, içərisini musiqi avadanlıqları təchiz edəcəm. Bu faytonu qara şüşələrlə tam örtüb qapadacam. İnsanların indiki zövqü belədir...”

Faytonçunun sözlərinə görə, ata baxmaq çətindir: “At yonca, arpa yeyir. Məsələn, yoncanın bağlısı kəndlərdə iki manatdırsa, mən onu burada beş manata alıram. Həm də at çox zəif heyvandır. Bərk soyuqlasa tələf ola bilər. Ona görə atla ehtiyatlı olmaq lazımdır. İstidə də onları çox yormuruq. Həftədə 4-5 gün, əsasən axşamüstü işləyirik. Qiymətlər 10 manatdan başlayır və müştərinin neçə saat gəzmək istəməsindən aslıdır. Arada toylarda da gedirik. Toy faytonunun qiyməti restoranın məsafəsindən asılıdır və 200-250 manat arası olur”.

“Gəzintidən qayıtdıqdan sonra pul vermək istəmirlər”

Zamir Allahyarov deyir ki, hər gün faytona fərqli xasiyyəti olan insanlar minir: “Tez-tez müştərilərlə maraqlı hadisələr baş verir. Yadımdadır, keçən yeni il bayramında bir cütlük faytona yaxınlaşıb gəzmək istədiklərini bildirdilər. Mən də dedim ki, gözləyə bilirsiz-gözləyin, sizdən öncəki müştərini aparıb gəzdirim sonra sizi gəzdirərəm. Müştəri iki saat faytondan düşmədi, qayıdanda düşündüm ki, artıq o cütlük çoxdan getmiş olar. Dayanacağa dönəndə gözlərimə inanmadım, hələ də dayanıb gözləyirdilər...

Demək istəyirəm ki, faytona marağın tamam itdiyini güman eləmək düz deyil. Fikir vermişəm, faytona minəndən düşənə kimi insanların üzləri gülür, onlara 21-ci əsrdə atla gəzmək maraqlı gəlir. Bəzən də olur ki, 15 dəqiqəlik gəzintini 10 manata razılaşırlar, amma gəzəndən sonra qiyməti aşağı salırlar. Mənim dediyim qiymət işimin çətinliyinə dəyməz".

Həmsöhbətim deyir ki, şəhərdə faytonla gəzmək fərqli bir hissdir: “Atı idarə etmək kənardan baxana asan görünə bilər. Halbuki çətindir. Atam mənə at sürməyi öyrədəndə ilk öncə ətrafa baxmağı və diqqəti yola verməyi tapşırmışdı. Həmişə bu tapşırığa əməl edirəm.

Faytonçuluq bir xidmət sahəsidir. Sən müştəriyə xidmət edirsənsə, onun istəyini nəzərə almalısan. Faytonu təmiz saxlamalısan, atı elə sürməlisən ki, müştəri bu gəzintidən narahat olmasın, əksinə zövq duysun..."

“Restorana faytonla getmək istəyirik”

Söhbət zamanı bir cütlük yaxınlaşıb şəhəri gəzmək istədiklərini bildirdilər. Onlarında fikirlərini öyrənmək istədik.

Faiq Əhədovun sözlərinə görə, faytona minməyin bir o qədər həvəskarı deyil: “Arada nişanlımla şəhərə gəzməyə çıxırıq. Düzü, özüm faytona minməyi sevmirəm. Ancaq nişanlım israr etdiyi üçün sözünü yerə salmıram. Özüm rayonda böyümüşəm, at qoşulu faytona minmək mənə adi görünür. Nişanlım isə Bakıda, şəhər mühitində böyüyüb, faytona minməkdən xoşu gəlir. Həm maraq göstərir, həm də dediyinə görə, belə gəzintidən zövq duyur...

Mən də onun sözünü yerə salmıram, nə vaxt istəsə onu bura gətirəm. Onunla birlikdə olmaq mənə xoşdur. Sentyabrda toyumuz olacaq. Qərara gəlmişik ki, şadlıq evinə elə bu faytonda gedək. Qiymətlər normaldır, hər halda bizim buna imkanımız yetir".

Müştərisini gözlətmək istəməyən müsahibimiz yoluna davam etmək istədi. Sevgililəri də faytona alıb yola düzəldi. Atlar onları xoşbəxtlik gətirsin!

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər