Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
Bakı Şəhər Halqasından Teleqraf.com-a daxil olan xəbərə görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
Dekabr ayının 7-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmiri məqsədilə bağlanıb.
Bundan əlavə, Bülbül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.
Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.