“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı parlamentin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib. O, bildirib ki, tibb işçiləri 5 ildən bir sertifikasiya prosesinə cəlb edilir: “Təklif edilən dəyişikliklərdə sertifikasiyadan keçən tibb işçilərinə aidiyyəti olmayan sualların verilməsi məqsədəuyğun sayılmır. Qanunda onlara aidiyyəti olmayan sualların verilməsi, habelə siyasi mövqeyinə və etiqad azadlığına görə, qiymət verilməsi qadağan edilir”.
Deputat Zahid Oruc isə deyib ki, 2016-cı ildə onsuz da səhiyyə istiqamətində ciddi islahatlar olacaq: “Bərdə rayonu Qarabağın strateji nöqtəsidir. Bərdənin 110 kəndi var. Hər kənddə deyilir ki, biz tibb məntəqəsi ilə təmin olunmaq istəyirik. Təcili tibbi yardımı həyata keçirən sistem qurularsa, bu 110 kənd üçün milyardlarla pul xərcləmək lazım gəlir. Bunları dövlət çiyninə niyə yığmalıdır? O cümlədən də niyə dövlət tibb məntəqəsi, uşaq bağçası tikməlidir? Məncə, bu məsələdə addım atılmalıdır. Bu gün hörmətli Əli Əhmədov da bildirib ki, bəzi səhiyyə obyektləri özəlləşdiriləcək”.
Spiker Oqtay Əsədov isə deyib ki, bir kənddə uşaq bağçası tikmək, uşaqların ehtiyacını normal ödəmək üçün ən azı hər bir ailədən 100 manat alınmalıdır: "Bu isə real deyil. Özəlləşdirmə əlbəttə, mərhələ-mərhələ getməlidir".
Deputat Göhvər Bəxşəliyeva isə bildirib ki, təklif edilən dəyişiklikləri müdafiə edir: “Bildiyiniz kimi, biz bir müddət əvvəl qanun qəbul etdik ki, nigaha daxil olan şəxslər hökmən tibbi müayinədən keçməlidir. İndi bəlli olur ki, müəyyən xəstəliklər ortaya çıxıb. Məncə, proflaktik tədbirlər görülməlidir. Yəni iş-işdən keçəndən sonra xəstəliklərin daha böyük fəsadları yaranır və böyük maliyyə lazım olur ki, bunun qarşısı alınsın. Mən təklif edərdim ki, bizdə kütləvi proflaktik tədbirlər həyata keçirilsin, xəstəliklər varsa, ilkin dövrdə aşkarlansın. Mən Zahid Orucun ana bətnində qızların tələf olunmasına qarşı çıxışını dəstəkləyirəm. İslama qədər qız uşaqlarını gömürdülər, bu cahilliyin əlaməti idi. İndi də qız uşaqlarını ana bətnində məhv edirlər. Mən də hesab edirəm ki, bununla necə mübarizə aparacağımızı müəyyən etməliyik”.
Nemət