Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Rauf Sultanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib.
Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib.
Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.
Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Həmin hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.
Bundan əvvəl Rauf Sultanov Xəzər Rayon Məhkəməsində mühakimə olunub və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər qərar elan ediblər.
Qərara görə, Rauf Sultanovun barəsində olan hökm ləğv edilib və işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.
Bu dəfə Rauf Sultanovun cinayət işinə Xəzər rayon Məhkəməsində, hakim Samir Mayılov araşdırıb. Məhkəmə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb.
Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.
Prokurorluğun protesti və təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Rauf Sultanov bildirib ki, onun barəsində verilən bu qərar qanunsuzdur. Onun sözlərinə görə, məhkəmənin ilkin baxış iclasından kasasiya şikayəti vermək hüququ olub: “Amma məhkəmə ilkin baxış iclasının keçirdiyi gündən 10 gün müddət keçəndən sonra yekun qərarı elan edib. İlkin qərardan kasasiya şikayəti vermək hüququm olduğu üçün artıq kasasiya şikayəti vermişəm. Kasasiya şikayətimdə qeyd etmişəm ki, hazırda işimə baxan iki hakim – Sahibxan Mirzəyev və Camal Ramazanova etiraz etmişəm. Müstəntiqin imzamı saxtalaşdırması ilə bağlı məhkəmə qaydasında verdiyim şikayətə hakim Camal Ramazanov baxıb və o, şikayətimi təmin etməyib. Buna görə də Camal Ramazanov bu işdə maraqlı şəxsdir və mənim apelyasiya şikayətinə baxa bilməz. Həmçinin o vaxtı verdiyim şikayətimdə hakim tərkibində olan Sahibxan Mirzəyev də öz mövqeyini bildirib. Buna görə də ona etiraz edirəm. Həmin tərkibdə hakim Faiq Qasımov olsa da, münasibət bildirməyib. Buna görə də hazırkı şikayətimdə Faiq Qasımovun işimə baxmasına etiraz etmirəm”.
Hacı Zeynalov