28 İyul 2016 18:25
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq odlu silah gəzdirmə, cinayət barəsində xəbər verməməkdə ittiham olunan Yusif Məhərrəmovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, 2013-cü ilin avqust ayının 30-da 1995-ci il təvəllüdlü Knyaz Knyazlı Bakı şəhər sakini Ceyhun Məqsədovu bıçaqlayıb.

Hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan Knyaz Knyazlı və Yusif Məhərrəmov saxlanılıb.

2014-cü ilin oktyabr ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə son sözlə çıxış edən Yusif Məhərrəmov bildirib ki, Knyaz Knyazlıya günahsız yerə qəsdən adam öldürmə maddəsi ilə mühakimə edilib. O, cinayəti özünün törətdiyini deyib.

Məhkəmənin hökmü ilə Knyaz Knyazlı 10 il, Yusif Məhərrəmov isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Yusif Məhərrəmovun həbsdə yatdığı günlə təyin olunan cəza hesablanaraq, o, məhkəmə zalından azadlığa buraxılıb.

Azadlığa buraxılan Yusif Məhərrəmov məhkəmədən çıxan kimi yenidən həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 307.3-cü (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Məhərrəmov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Anar Qasımlı apelyasiya şikayəti verib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Yusif Məhərrəmovun apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Yusif Məhərrəmovun cəzası 6 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: