28 Sentyabr 2016 16:44
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə ötən iclasda təqsirləndirilən Elşad Həsənovun vəkili Ceyhun Yusifovun qaldırdığı vəsatətinə münasibət bildirilib.

Vəkil Elşad Həsənovun əmisi Kərim Həsənovun məhkəmədə yenidən dindirilməsini istəyib. Vəkil bildirib ki, bundan əvvəl keçirilən prosesdə Elşad Həsənov məhrumənin qətlinin sifarişini Kərəm Həsənovun aldığını, qətlində onun tərəfindən törədildiyini bildirib.

Hakimlər vəsatəti təmin etməyib.

Daha sonra Ceyhun Yusifov şahid Kərəm Həsənovun verdiyi ilkin ifadənin məhkəmədə elan olunmasını istəyib. Lakin ifadə elan olunmayıb.

Hakim sənədlərin tədqiqi mərhələsinə başlandığını bildirib. Cinayət işindəki sənədlər elan olunandan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Çıxış üçün prokurora söz verilib. Lakin prokuror çıxışa azırlaşmaq üçün vaxt istəyib.

Növbəti məhkəmə iclası oktyabrın 5-nə təyin olunub.

İttihama görə, bu il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər.

Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb.

Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb.

Bəlli olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış.


Ərinin boşanmaqda israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər