Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə Maşallah Əhmədovla zərərçəkmiş Yusif Əzizov arasında mübahisə yaranıb.
Maşallah Əhmədov zərərçəkmişi yalan danışmaqda ittiham edib. Hakim isə Maşallah Əhmədova rəsmi xəbərdarlıq edib.
Hakim bildirib ki, bir daha qaydalara əməl etməsə iclas onun iştirakı olmadan aparılacaq. Proses aprelin 18-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib.
Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə Maşallah Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən "Neftçi" klubunda oynayıb. 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib.
Hacı Zeynalov