Ötən gün daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb bölgəsində regional şöbəsinin əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.
Polis şöbəsində aparılan araşdırmalar zamanı onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olduğu aydınlaşdırılıb.
Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib.
Polis əməkdaşları həmin şəxsin narkotik vasitəni Ağstafa rayonunda aldığı mənbəni də müəyyən ediblər.
Ağstafa rayon polis şöbəsi narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Qazax rayon sakini Nurəddin Quliyevi rayon ərazisində saxlayıb. Onun yaşadığı evə və həyətində olan “QAZ-31” markalı avtomobilə baxış keçirilib. Bu zaman pəncərədə bükümdə və avtomobilin yük yerində torbada gizlətdiyi narkotik vasitə aşkar olunub.
Ekspertiza təqdim olunan narkotik vasitələrin – Şahmar Həmzəyevin üzərindən götürülmüş 7,577 qram, Nurəddin Quliyevin evindən və avtomobilindən götürülmüş 8 kiloqram 754 qram tapıntının marixuana olduğu barədə rəy verilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.