13 İyun 2023 16:03
8 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda 1978-ci il təvəllüdlü Telman həyat yoldaşı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 9-da Zaqatala rayonunun kəndində baş verib.

Kənd sakini Leyla rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, əri Telman, baldızı Vüsalə və oğlu Muxtar tərəfindən döyülməsi barədə məlumat verib.

Araşdırma zamanı müəyyən edilib ki, Telman hadisə günü, saat 20 radələrində arvadı Leyla ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı Telman arvadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Telmanın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Telmanın sözlərinə görə, 2000-ci ildə Leyla ilə ailə qurub və birgə nikahdan beş övladı dünyaya gəlib: “Arvadım 2023-cü ilin mart ayında məndən xəbərsiz yaşadığım evdən çıxaraq hazırda Balakən rayonunda yaşayan anasının yanına getdi. Dəfələrlə əlaqə saxlayaraq qayıtmasını xahiş etsəm də, Leyla geri dönməyəcəyini dedi”.

Telman qeyd edib ki, azyaşlı qızı Sevda hazırda qəsəbədə yaşayan bacısı Vüsalənin yanında olarkən onunla telefona əlaqəsi saxlayıb: “Bacım arvadımın yaşadığı ünvana gələrək azyaşlı qızımı aparmaq istədiyini dedi. Həmin vaxt oğlum Muxtarla birlikdə evdən çıxdıq və bacımgilə getdik.

Bacımın yaşadığı evin qarşısına çatdıqda Leylanın orada səs-küy saldığını, Sevdanı qucağına götürərək aparmaq istədiyini gördüm. Yanımda olan oğlum anasına yaxınlaşaraq Sevdanı ondan aldı, həyətə keçərək Vüsaləyə verdi.

Muxtar azyaşlı Sevdanı alaraq bibisi Vüsaləyə verdikdə Leyla və yanında olan anası Fatma üstümə gəldilər, məni təhqir etdilər. Vüsalə onlara yaxınlaşdı, Leyla ilə Fatmanı məndən kənarlaşdırdı. Daha sonra Leyla özünü yerə çırpmağa, üz-gözünü cırmaqlamağa başladı. Anası Fatma onu sakitləşdirdi. Bacım Vüsalə evinə keçdi və qapını bağladı”.

Təqsirli bilinən şəxs qeyd edib ki, Leylanı vurmayıb, onun müraciətdə yazdıqları yalan və böhtan xarakterlidir.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, 2000-ci ildən 2023-cü ilin martınadək əri Telmanla birlikdə yaşayıb: “Birgə yaşadığım dövrdə Telman mütəmadi olaraq spirtli içki qəbul edir, evə gəldikdə mənimlə mübahisə yaradırdı. Mübahisələr zamanı Telman hər dəfə məni övladlarımın qarşısında döyürdü”.

Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin martında evdə olarkən əri Telman səbəbsiz mübahisə yaradaraq ona şər-böhtan atıb: “Telmanın hərəkətlərinə əsəbiləşərək ondan ayrılmaq qərarına gəldim. 2023-cü ildə axşam saatlarında evdən çıxdım və Balakən rayonunda yaşayan anamın evinə getdim. Hazırda anamın yanında yaşayıram. Ərimdən ayrılarkən himayəmdə olan azyaşlı qızım Sevda Telmanın yanında qaldı. İndinin özündə də qızım ərimin bacısı Vüsalənin evində qalır.

Dəfələrlə Telmandan azyaşlı qızımı mənə verməsini xahiş etsəm də, Telman Sevdanı verməyəcəyini dedi”.

Zərərçəkmişin sözlərinə görə, Telman azyaşlı qızını özündə saxlayaraq ona vermədiyi üçün bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Zaqatala rayon polis şöbəsinə müraciət edib:

“Polis şöbəsində həmin müraciət mülki xarakterli olduğu üçün aidiyyəti üzrə Zaqatala rayon Məhkəməsinə müraciət etməyim izah edildi. Buna baxmayaraq ərimin azyaşlı qızımı mənə verməməsi səbəbindən əsəbiləşdim və hadisə günü anamla birlikdə baldızım Vüsalənin yaşadığı ünvana getdim. Sevdanı oradan götürüb aparmaq istəyərkən Vüsalə səs-küy yaratdı, Telmana zəng vurdu.

Telman oğlum Muxtarla hadisə yerinə gəldi. Muxtar mənə yaxınlaşaraq qızımı əlimdən aldı, Vüsalənin evinə keçdi. Telman isə üstümə gələrək məni təhqir etdi, sifətimə yumruq vuraraq yerə yıxdı. Baldızım saçımdan tutaraq sürüdü. İstifadəmdə olan mobil telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Eyni zamanda “103” təcili yardım xidmətinə müraciət etdim.

Hadisə yerinə təcili yardım şöbəsinin həkim briqadası gəldi və məni xəstəxanaya apardı. Mənə tibbi yardım göstərildi, sonra evə buraxıldım”.

Zərərçəkmiş gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasına kömək edilməsini, Telmanın barəsində tədbir görməsini xahiş edib.

Bu işə Zaqatala rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, Telmanın barəsində 1 ay müddətinə inzibati həbs cəzası təyin edilib.


Müəllif: Hacı Zeynalov