28 Yanvar 12:13
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il ərzində plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə 62 şikayət daxil olub və plandankənar müvafiq yoxlamalar aparılıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Teleqraf.com-un sorğusuna cavabda məlumat verilib.

Bildirilib ki, mərkəz tərəfindən müvafiq qeydiyyat nömrəli lisenziyalı sahibkarlıq subyektlərinə qanunvericiliklə müəyyən olunan qaydada həm planlı, həm də plandankənar, lisenziyasız təsərrüfat obyektlərində isə müraciətlər əsasında plandankənar yoxlamaların keçirilməsi ilə tibbi fəaliyyətlərinə nəzarət edilir.

"İstər lisenziyalı, istər lisenziyasız müəssisələrdə aşkar edilən inzibati xəta inzibati tənbeh tədbirinin seçilməsi ilə tərtib edilən protokol aidiyyəti üzrə növbəti icraata göndərilir. İnzibati xəta təkrarlanarsa yenidən eyni qayda ilə inzibati xəta haqqında protokol tərtib olunur.

Tibbi müdaxilə nəticəsində sağlamlığına zərər dəyən vətəndaşın vaxt itirmədən səhhətində yaranan problemin yerindəcə qiymətləndirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizanın rəyini əldə etmək, eləcə də mövcud məsələ ilə bağlı olaraq aidiyyəti qurumlara, xüsusilə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmək hüququna malik olması diqqətinə çatdırılır”- məlumatda qeyd olunur.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi birmənalı şəkildə bildirir ki, tibb təhsili olmayan şəxslərin tibbi praktiki fəaliyyəti yolverilməzdir. Əks halda tibb təhsili olmayan şəxslər barəsində vətəndaş və ya müvafiq dövlət orqanları tərəfindən daxil olan müraciətlər aidiyyəti üzrə araşdırılaraq qanunvericiliklə müəyyən olunan qaydada müvafiq tədbirin görülməsinə əsasdır.

“Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2024-cü il ərzində plastik cərrahlarla bağlı 62 şikayət daxil olub və müvafiq plandankənar yoxlamalar aparılıb.

Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldiklərində vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir” - AEM-dən bildirilib.


Müəllif: Nərmin

Oxşar xəbərlər