25 Aprel 2016 15:28
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

1997-ci il təvəllüdlü Ağcabədi rayonu sakini Rəsul Quliyevin intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Rəsul Quliyev 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıb. 11 iyun 2015-ci il tarixdə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən tibbi müayinələrdən keçib və iyulun 10-da evdə ülgüclə damarlarını doğrayaraq özünü öldürmək istəyib.

Amma Rəsul ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırıldığı və tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Ağcabədi Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra Rəsul Quliyevin barəsində Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi üzrə materiallar Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Rəsul Quliyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Ağcabədi rayonunun Sarvanlar kəndində yaşayır: “2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə çağırılmışam. Bir neçə dəfə həmin şöbəyə gələrək tibbi müayinədən keçmişəm. Sonuncu dəfə həmin ilin yay aylarında həkim komissiyasından keçdim. Həkim komissiyasının rəyinə əsasən, hərbi xidmətə yararlı hesab edildim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 3-də hərbi xidmətə çağırılması ilə bağlı çağırış vərəqəsinə imza atıb: “Əvvəlcədən Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəyə düşdüyümü bildim. Çağırılmağımdan təxminən bir həftə qabaq sağ əlimi evimizin həyətində “lezva” ilə doğradım. Hərbi xidmətdə əsgərlərin çətinlik çəkməsi barədə ümumi söz-söhbət eşitdiyimdən hərbi xidmətə getmək istəmədim. Bu səbəbdən qərara gəldim ki, özümə xəsarət yetirim. Aradan bir neçə gün keçdikdən sonra evdə anama yıxılaraq xəsarət aldığımı dedim”.

Rəsul Quliyev bildirib ki, iyulun 17-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə gedib və yenidən şöbənin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən “lezva” ilə qoluna yetirdiyi xəsarətlər aşkar edilib: “Şöbənin əməkdaşları mənə hərbi xidmətdən boyun qaçırdığımı bildirdilər. Bu səbəbdən məni hərbi xidmətə aparmadılar”.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Rəsul Quliyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Rəsul Quliyevin barəsində başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib və onun barəsində həbs-qəti imkan tədbiri seçilib. Cəzanın əvvəli 2015-ci ilin dekabrın 23-dən hesablanması qərara alınıb.

Hökmdən narazı qalan Rəsul Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Bu günlərdə hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Rəsul Quliyevin apelyasiya şikayəti qismən təmin edilib və cəzası 3 aya endirilib.

Hacı Zeynalov


Müəllif: