20 Sentyabr 2016 12:59
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Müşfiq Dilbəri necə sevib?

- Sevməyin necəsimi olur? Ya sevirsən, ya yox...

Yəqin ki, hər şeyin bir başqa don geyindirilib gözəlləşdirildiyi həyatda bircə sevginin heç bir təsvirə, bəzəyə-düzəyə, şişirtməyə ehtiyacı yoxdu.

- Nə bilim... O elə deyirdi də. Deyirdi ki, Müşfiq Dilbəri sevən kimi sevirəm səni. Dedikləri içində bircə gerçək budur elə bil. Mən Dilbər, O, Müşfiq olmasa da. Ən azından bir zamanlar onların var olduğunu bilirəm. Bilirsən, ha eləsəm də, başqa heç bir sözünü xatırlaya bilmirəm onun. Elə bil heç onunla kəlmə də kəsməmişik. Elə bil “min il bundan qabaq ayrılmışıq biz...”

- O, sənə çox söz deyirdi. Demişəm axı, hər deyilənə inanma...

- Elə demə...

- Necə deyək bəs? Vallah məəttələm sənə, gözünün içinə yalan deyəndə belə, buna haqq qazandırmağı necə bacarırsan? Sənə görə bütün yalanların bir “bəlkə”si var. Bəlkə elə olub, bəlkə belə olub. Bəs deyil? Sənin əzab çəkməyinə dayana bilmirəm...

- Deyirlər, mən əzabı gözəl çəkirəm. Bəlkə, elə buna görədi bütün yaşadıqlarım.

- Özünə rəhmin gəlsin. Yazıqsan...

- O da yazıqdı da... Vallah yazıqdı. Vallah bu dəfə saflıqdan, axmaqlıqdan haqq qazandırmıram Ona. “Nəyin sevdim o yazığın, Uzağın, vəfasızın...” Elə deyirdi, hə, şeirdə?

- Səninki budu bax, şeir, nağıl... Böyü də, böyü! Sənin nağılların sonunda üç alma gözləyən yaşın çoxdan keçib, lap çoxdan...

- Bilirsən, onun gözləri zəif idi.

- Hə, nə olsun ki? Mən nə deyirəm, sən nə deyirsən...

- Sözümü kəsmə.

-Yaxşı, yaxşı, davam elə. Yenə nə isə uydurmağa hazırlaşana oxşayırsan.

- Onun gözləri zəif idi. Biz ona birlikdə eynək alacaqdıq. O, yaxşı görəcəkdi. O, məni görəcəkdi! Onda məni tanıyacaqdı, daha yaxşı tanıyacaqdı. Tanısaydı, yalan danışmayacaqdı. Görəcəkdi qarşısında dayananın kim olduğunu. Bəlkə, onu necə sevdiyimi biləcəkdi... Bəlkə, özü də sevəcəkdi...

- Bilirsən də, “bəlkə”ni əkiblər bitməyib.

- Ona eynək ala bilmədik, bilmədik. O, məni görə bilmədi. O, məni heç vaxt yaxşı görməyəcək... Mən onun yolundan ötəcəm həmişə, amma o görməyəcək...

- Bəsdi sən Allah!

- Mənə bax, gözlərimə bax. Mənim gözlərim gözəldi?

- Hə, gözəldi, həm də kədərli... Elə baxma qurban olum.

- O, mənə “gözəl gözlüm” deyirdi. Özü ağladanda da “Ağlama, gözəl gözlüm” deyirdi. Ən məhrəm anlarda gözlərim onun and yeri idi. Amma and içdiyi yadından çıxırdı həmişə. Ən çox da içəndə...

- “Atam oğlu, boşla boş nağılları...”

- Mənim gerçəklərim də var!

- Bah, nədi elə?

- Daha göz-gözə gəlməyə adamım yoxdu mənim...

P.S: Görəsən, Müşfiqin ruhu inciməyib ki, o yalana görə?..


Müəllif: Sevinc Fədai