Allah, gəlib bu şəhərdə Muradı gördüm, Muradın əlində qradı gördüm. Kiməsə atmaq istəyirdi, ata bilmirdi, yuxusu gəlmirdi, yata bilmirdi. İstəyirdi qradı başqa adam atsın, bu işdə onun adı olmasın. Di gəl ki, həmin adamı tapa bilmirdi. Gəzirdi şəhəri qan-tər içində, gah gülüş içində, qəhər içində. Çantası çiynində, əli cibində. Gəlib keçənlərə lağ eləyirdi, hər sözü şişirdib dağ eləyirdi, saqqalı dəyişib bığ eləyirdi, amma yenə də qrad atanı tapa bilmirdi, tapa bilmirdi, tapa bilmirdi...
Bir işə bax ki, mən də gəlib Muradı sevdim, mən arzunu sevdim, muradı sevdim.
Bir gecə yuxuda Muradı gördüm.
Murad dedi:
– Gəl sənə daş atmağı öyrədim.
– Hara atacam daşı?
– Gələnə, gedənə, lap elə öz dədənə!
– Özün niyə atmırsan ki?
– Daha mənim daşıma inanmırlar, daha mənim daşım adam başı yarmır, hara atıram, qayıdıb öz başıma dəyir.
Elə yuxudaca Muradın başın ağladım, əlinə yığdığı daşın ağladım. Dedim, Murad sənin bu gününə Şərif Ağayar qurban, sənin bu gününə belə mən qurban! Bəs mən nətər eləyim sənin daşın urvata minsin, şöhrətə, hörmətə, qüvvətə minsin. Adam öz daşını bu qədər hörmətdən salmaz axı. Niyə bu daşı hər gələnə işlətdin, itə də atdın, bitə də, Yafəsə də atdın, bütə də! Murad dedi, düşmənim çoxuydu, hamı xəncəriydi, oxuydu, mənə baxan yoxuydu. Daş atdım ki, mənə baxsınlar.
Gördüm ki, Muradın daşa da hörməti qalmayıb. Dedim, ay Murad, daşa hörməti gəl dədəmdən öyrən, adicə ödündəki daşın qiymətini iki min manata qaldırıb, həkimlər əməliyyat üçün iki min pula yalvarır.
Bir gün yığışmışdıq bir arağın başına. Sığışmışdıq yüz qramın içinə. Dərd Muradın dərdiydi, biz neyləyək Muradı ki, daşı minsin hörmətə, daş atsın, baş yarsın, qana batsın, uçub getsin Muradın daşı üfüqlərdən üfüqlərə, amma yerə düşməsin.
Dərdimiz-azarımız Muradın daşını ayağa qaldırmaqdı.
Daş atırdı Murad, amma daş heç kəsə dəymirdi. Axırda deyirdi siz qoymursunuz mənim daşım düz getsin, dərə–təpə düz getsin, iynə yarım yol getsin. İmkanım olsaydı, Muradın daşının dalından itələyərdim ki, gedib bir adamın başına dəysin, bu da Muradın xoşuna gəlsin, feyziyab olsun, kefi kök olsun. Amma Muradın daşı hamının başı ilə düşmən idi, qanlı-bıçaq idi, heç bir başa dəymirdi. Bütün başlardan uzaq gəzirdi. Ya Muradın daşının bərəkəti yoxuydu, ya da başların təcrübəsi çoxuydu. Hər nə idi bilmirdik, əlacımız yox idi, istəyirdik heç olmasa, bir baş tapıb gətirək vuraq Muradın daşına!
Sözümün qısası, Muradı öyməkdi canımın mustafası və ən əsası gəlib bu şəhərdə hər zadı gördüm!