Təxminən iki il əvvəl amerikalı rejissor Darren Aranofskinin çəkdiyi, baş rolunda Natalia Portmanın oynadığı “Qara qu quşu” filminə baxmışdım. Hekayə Çaykovskinin “Qu gölü” baleti ətrafında dövr eləyir. Baletdə məsum Ağ qu quşu ilə hiyləgər Qara qu quşu rollarını canlandıracaq iki aktrisaya ehtiyac olur. Nina (Ağ qu quşu) Lili (Qara qu quşu) ilə rəqabətdə özünün qaranlıq tərəfini də kəşf edir…
…“Ağ qu quşu” film boyu halüsinasiyalar görməyə başlayır. Baletin nümayişi günü ən ağır halüsinasiyanı görür və gördüklərinin təsirindən özünü ayna qırığı ilə yaralayır. Yaralı-yaralı səhnəyə çıxır. Baletin son səhnəsini oynayandan sonra pərdə qapananda onun yaralı olduğunu görürlər. Ancaq onda gec olur və Nina həyatını həsr elədiyi səhnədəcə gözlərini dünyaya yumur…
Mən olsam, o yaranı sağaldardım. Qoymazdım Nina ölsün. Axı o, Ağ qu quşu idi, məsum idi, xeyirxah idi… Qoymazdım kimsə Ağ qu quşunun məhv olmasından ümidsizliyə düçar olsun. Mən hər ümidsizlikdə ümidi, qaranlıqda işığı axtarıb tapmağın və göstərməyin tərəfdarıyam. Amma rejissor deyiləm, bunları sadəcə yaza bilirəm.
Mən bir müddət sonra “Qu gölü” baletini də izlədim. Sevənlər öldü, sevgi qalib gəldi…
“Qu gölü”ndən sonra başqa baletə baxmamışam. Teatra da çox az getmişəm. Ana olandan sonra qayğılarım, işlərim artdı. Yuxusuz gecələr yorurdu, artan qiymətlərdən gileylər, maşın siqnalı, çöldə-bayırda qışqıran adamların, qonşuda uşağını döyən atanın, ərindən gileylən qadının səsi, çömçə-qazan danqıltısı, hamısı başıma düşürdü, hamısı... Hərdən öz səsim də başıma düşürdü, ümidim də öləziyirdi…
Nə əvvəlki qədər teatr qapısı açırdım, nə kitab üzü, nə də bir yazını klikləyirdim. Nə tapacaqdım ki?..
…Sonra feysbukda gəzişəndə işıqlı bir xəbər sevindirdi məni. Elçin Şıxlı “Ayna”nı bərpa edirdi, amma indi orda ancaq köşə yazıları olacaqdı. Bəlkə də elə belə yaxşıydı…
Beləcə, “Ayna”da çıxan hər yazını açıb oxumağa başladım. Bir səhər də yuxudan durub “Qara qu quşu” yazısını gördüm. İbrahim Nəbioğlu Türkiyədən yazmışdı. Tərəddüd elədim: oxuyum, oxumayım? Birdən yenə… Amma yox, bu dəfə başqa cür oldu: “Beləliklə, həyat həm Ağ, həm də Qara qu quşlarının təsiri ilə formalaşır. Ağ quş insanı qeyri-müəyyənliyə düşməyə qoymur, Qara isə insana onun hər şeyə qadir olmadığını xatırladır sürəkli. İkisindən birini götürsək, insan ya heyvana, ya da Tanrıya çevrilər”.
Yazı belə bitirdi: “Qədim Roma şairi Yuvenalın hələ ikinci əsrdə dediyi kimi “Rara avis in terris nigroque simillima cygno”, yəni, “Yer üzündə çox az quş qara qu quşuna bənzər”. Bu cümlədən yapışdım, yıxılan adamın bir budaqdan yapışdığı kimi…
Ürəyimdə dedim: bax ziyalının missiyası budur, yurdun insanını ağın qaradan, xeyrin şərdən güclü olduğuna inandırmaq. Aydın budur, ümidləri ölməyə qoymayan, qaranlıqdakı işığı tapan və o işığı paylamaq üçün əziyyət çəkən adam…
İndi də İbrahim bəyin yazılarını bircə-bircə tapıb oxumağa başladım. O, Borxesdən, Alber Kamyudan, Nassim Nikolas Talebdən, Robert Edgertondan, Qustav Malerdən, Antonin Dvorjakdan, Salvador Dalidən, müəllimi Azad Mirzəcanzadədən, atasından da danışanda, elmdən, texnikadan, oxuduğu kitablardan, sosial şəbəkələrdən, tələbəlik illərindən, ənənələrdən, müharibələrdən, terrordan, vodkadan, viskidən, musiqidən, rəsmdən, eşqdən də danışanda dəyərlərin dəyərini, aydınlığın “Qaranlıq Dünya üzərindəki zəfərini, təntənəsini” elan edirdi. Mən hər hər dəfə bu yazıların axırına çatanda orda insanı gördüm, onun ürəyini, ruhunu, arzusunu, ümidini, işığını gördüm. Hər dəfə o işıqdan bir zərrə də mən pay götürdüm.
***
Bu yaxınlarda bir hekayə oxudum və niyəsə yenə “Qara qu quşu”ndakı son cümlə yadıma düşdü. Hekayə beləydi: hələ telefonun təzə yaranan vaxtı balaca uşaq ilk dəfə onu əlinə alanda operator xanımın səsini eşidir və elə bil sehirli bir aləmə düşür. Bu alətin içində bir insan yaşayırmış kimi hiss edir. Bir dəfə uşaq əlini əzir və evdə ağrısını bölüşəcək heç kim olmur. Telefon yadına düşür və dəstəyi götürüb operatora barmağını əzdiyini deyir. Deyir məni dinləyəcək birinin olduğunu biləndə gözümdən qeyri-ixtiyari yaş süzülməyə başladı. Beləcə, onlar dostlaşır, uşaq hər şeydən ötrü operatora zəng vurmağa başlayır.
Bir gün uşağın quşu ölür və operatora zəng edib bu kədərli hadisəni ona danışır. Deyir, axı nəyə görə bu cür gözəl nəğmələr oxuyan və insanlara sevinc gətirən quşların sonu qəfəsin dibində ayaqları üzüyuxarı qalmış tük topası şəklində bitməli idi? Operator uşağı dinləyir və deyir:
– Unutma, nəğmə oxumaq üçün başqa dünyalar da var.
Operator xanım dünyadan köçəndə bu oğlan üçün bir məktub qoyur. Məktubda elə oğlanın gözlədiyi yazılmışdı: “Ona de ki, nəğmə oxumaq üçün başqa dünyalar da var...”
***
Burda adamlar nəğmə dolu dünyadan uzaq düşüb, İbrahim bəy! İndi nə nəğmə oxuyan var, nə də o nəğməni oxumaq üçün başqa dünyalara ehtiyac... Amma mən də o balaca oğlan bir şey olanda telefona əl atan kimi hər dəfə yazılarınızı oxuyur və sonunda gözlədiyim o mesajı axtarıram. Ona görə də yaşayın və yazın. Yer üzündə çox az quşun qara qu quşuna bənzədiyini yazın, nəğmə oxumaq üçün başqa dünyaların olduğunu yazın.
Yazaraq adamları yenidən o dünyaların olduğuna inandırın. “Mənim Ağ qu quşum”a yenidən can verdiyiniz kimi... Borxesin Paraselsi də elə eləmişdi, bir ovuc külü əlinin içinə çırpıb sehirli Sözü külə pıçıldamışdı. Qızılgül cana gəlmişdi...