28 Oktyabr 2016 21:15
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm ƏHMƏD


I Dünya müharibəsinin başlamasından Lozanna müqaviləsinə qədər olan 9 illik dönəm Türkiyənin mövcudluğunun ən kritik illəridir.

Bu 9 ildə Mondros anlaşmasının, Sevr müqaviləsinin timsalında gün oldu ki, Türkiyə tamamilə yox olmaq durumunda qaldı, gün oldu ki, Qurtuluş savaşının, Cümhuriyyətin elanı ilə külündən yenidən doğuldu.

Aradan 93 il sonra Türkiyənin bugünkü durumuna baxanda o zamanın izlərini indi də görmək mümkündür.

Əgər 1918-də müttəfiq dövlətlər Osmanlı ərazilərini parçalayıb, Anadolunu, Ankaranı, İstanbulu işğal etmək istəyirdilərsə, bu gün PKK-nın timsalında ölkənin cənub-şərqini, FETÖ-nun timsalında isə Cümhuriyyət dəyərlərini yox etmək planı həyata keçirilir.

30 ildir Rusiyanın, Almaniyanın və digər Türkiyənin zəifləməsində maraqlı olan güclərin dəstəyi ilə ayaqda dayanan PKK terroru əvvəlki illərə nisbətən zəifləsə də, hələ də türk əsgərinə, polisinə güllə atmaqda davam edir.

Türkiyəni ayaqda saxlayan gücün Cümhuriyyət dəyərləri, mövcud demokratik sistem olduğunu bilən FETÖ qruplaşması isə 30 il ərzində dövlətin içinə sızmağa, ilk fürsətdəcə Atatürk dəyərlərini yox etməyi hədəfləyirdi.
Hətta bu dəyərləri çevriliş yolu ilə məhv etmək istəyərkən də Atatürkün fikirlərinə sığınaraq buna cəhd etməyə çalışdılar.

Şübhəsiz ki, istər PKK, istərsə də FETÖ və ya Türkiyəni kiçik görmək istəyən qruplar müəyyən bir mərkəzlərə tabedirlər.

Üstəlik Türkiyə daxilində FETÖ zehniyyətdə olan, lakin kifayət qədər gücü olmayan dini qruplaşmalar çoxdur. Fətullah Güləni "15 temmuz" çevrilişə cəhdinin lideri elan etmək, yalnız onun qruplaşması ilə mübarizə aparmaq yetməz.

Türkiyə, ümumiyyətlə, bu cür dini qruplaşmaların dövlət içində dövlət yaratmaq meyillərinin qarşısını almaq üçün mütləq şəkildə proqramlı addımlar atmalıdır.

Bu mübarizə təkcə bir zamanların yaxın dostları olan Ərdoğan və Gülən arasındakı bir dava olmamalıdır.
Bu mübarizə şəxsi intiqam hissi üzərindən aparılan bir mücadilə olmamalıdır.
Bu mübarizə bir zamanlar Atatürkün məsələni kökdən həll etmək məqsədilə atmış olduğu prinsiplərə söykənməlidir.

Təəssüf ki, Türkiyənin heç zaman olmayan xarici siyasəti bu gün bərbad vəziyyətdədir.

Ölkə Suriya savaşından qaçan köçkünlərlə doludur və Türkiyə onları ilkin hüquqları ilə təmin etməklə mükəlləfdir.

Bunun qarşılığında isə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində hər hansı əsaslı yenilik yoxdur.

Ona görə də Türkiyə Amerika və Avropa İttifaqı ölkələrinə münasibətdə Rusiyaya daha çox meyil edir ki, bütün bunlar Ərdoğanın əvvəlki xarizması baxımından əleyhinə işləyir.

Çünki bir neçə il öncə İsrail əleyhinə toplumun qarşısında sərt fikirlər söyləyən, təyyarə qalmaqalında isə Rusiyaya qarşı dirənən Ərdoğan indi İsraillə münasibətlərin normallaşması ilə bağlı fərman imzalayır, Putini isə arabasına qədər ötürür.

Bu baxımdan Ərdoğanın hazırda əlində yalnız bir rıçağı var: 15 temmuz qalibiyyəti.

Ərdoğan 4 aya yaxındır ki, bu rıçaqdan məharətlə istifadə edir.

Amma artıq 15 temmuz hadisəsinin unudulması prosesi getdiyi üçün Ərdoğanın xalqı yenə də öz nitqinin əsarətində saxlamaq üçün nələrsə tapacağını şərtləndirir. Lozanna müqaviləsi ilə bağlı söylədikləri istədiyi nəticəni hələ ki vermir.

Ən acınacaqlısı odur ki, Ərdoğan artıq Bəşər Əsədlə də barışmaq məcburiyyətindədir. Siyasətdə bu kimi şeylər normaldır. Lakin kütləni öz təsirinə alarkən deyilən sözlərin zamanı çatanda əleyhinə işləyəcəyini də nəzərə almaq lazımdır.

Ümid edirik ki, 2023-də, Cümhuriyyətin yüzüncü ilində Türkiyə demokratiyasını gücləndirmiş, parlamentar sistemini qorumuş, PKK və FETÖ terrorunu tamamilə bitirmiş, dini qruplaşmaların siyasi hədəflərini aradan qaldırmış bir dövlətə çevriləcək.


Müəllif: Dilqəm Əhməd