Ötən gün İstanbulda keçirilən “11-ci antik kitab festivalı”nda Mirzə Fətəli Axundzadənin Türkiyədə çap olunmuş bir əsərinə rastladım.
“Əcnəbi müəlliflər kolleksiyası”dan çap olunan kitabda müəllifin və əsərin adı bu şəkildə yazılıb: Ahund zade Mirza Feth-Ali, “Lengeran veziri (1856), 4 perdelik komedi”.
1935-ci ildə “Reklam” mətbəəsində çap olunan bu əsər alman dilindən çevrilib. Tərcüməçi isə Kurşunlu Zade Raşit adlı şəxs olub.
Kitab İstanbulda çap edilib, zamanında 25 kuruşa satılıb.
Kitabın girişində belə bir qeyd verilib: “Rus ordusu zabitlərindən Tiflis qarnizonunda zabit köməkçisi yüzbaşı Axundzadə Mirzə Fətəlinin 1857-58-də yazdığı teatr kitablarından olan bu əsərin əsl adı “Sərab vəziri”dir. O ərəfələrdə İstanbuldakı Fransa konsulu cənab A.Cillierenin hazırladığı “Deux comedies turques” adlı kitabda qeyd olunduğu kimi Sərab kiçik və tanınmamış bir yerdir və dəniz kənarında deyildir. Tamaşanın sonunda fəlakət dənizdə baş verdiyinə görə Xəzər dənizi sahilindəki Lənkəran şəhərinin adının verilməsi müvafiq görülüb. Əsasən, Mirzə Cəfər tərəfindən farscaya “Lənkəran vəziri” adı ilə çevrilib.
Türkcəmizə tərcüməyə əsas olan almanca variantda yuxardakı məlumat verildikdən sonra şəxslərə aid təbirlərin olduğu kimi qorunduğu və vəzirin iki zövcəsi arasındakı mükalimələrdə bəzi sözlərin mülayimləşdirilmiş olduğu əlavə edilib.
Bu gün Lenkoran deyə yazılan bu şəhəri Ensiklopediya Lənkəran kimi yazdığı üçün rus istilasına məruz qalmadan əvvəlki zamana aid tələffüz kitabımızda mühafizə edilib.
K.R.”
Tərüməçinin almanca nəşrdəki qeydə öz kiçik əlavəsini yazmasından bəlli olur ki, Axundzadənin kimliyi haqqında bilgisi olmayıb. Sadəcə, alman dilində olan nəşr mətbəə tərəfindən əldə edilib və əsər bəyənilərək çap edilib.
Axundzadənin əsərlərinin Türkiyədə çap tarixi ayrıca araşırılmalı mövzudur.
Nəzərə alaq ki, 1860-cı illərdə İstanbula əlifba islahatı üçün gedən, təklifi qəbul edilməsə də, Məcidiyyə ordeninə layiq görülən yazıçımız haqqında dönəmin tarixçiləri hər halda məlumatlı olublar. Təəssüf ki, əldə etdiyimiz kitabda bu barədə bilgi verilməyib.
Axundzadəni Türkiyədə mühacirlərimiz geniş tanıtmağa başlayıblar. Çap olunan jurnal və qəzetlərdə həyatı haqqında məlumat verilib, əsərlərindən nümunələr təqdim edilib. Mühacir Əbdülvahab Yurdsevər isə 1950-ci ildə Ankarada “Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı kitabça yayımlayıb.
Rəsulzadə isə onun haqqında məqalə yazıb, bolşeviklərin Axundzadəni yanlış təbliğ etdiklərini bildirib: “Kommunizmin ana fikri olaraq qəbul edilən allahsızlıqdan bəhs edərkən, bolşeviklər daha çox Mirzə Fətəlinin adını çəkirlər. Onun ateistliyindən bəhs edərlər. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli yuxarıda söylədiyimiz kimi Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmirdi. Onun mücadilə apardığı şey iman və düşüncəyə müsəlləd olan sxolastik təfəkkür tərzi idi. Bu cür düşünmə tərzi indi bütün mahiyyəti ilə Sovetlərdə hakimdir. O Sovetlərdə ki, kommunizm xaricində heç kimə fərqli bir dünyagörüşünə sahib olmaq haqqı verilmir. Sovetlər dövlətinin dəstəklədiyi rəsmi əqidə bütün Sovet vətəndaşları, daha doğrusu, bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya məhbəs, ya da əsir düşərgələridir”.
1988-ci ildə isə Yavuz Akpınar tərəfindən Mirzə Fətəlinin əsərləri “Komediler” başlığı ilə Ege Universitetində çap olunub.
2010-cu ildə Ankarada “Epos” yayınlarından “Fəlsəfi və politik düşüncələr” adı ilə Axundzadənin əsərləri yayımlanıb. 2014-cü ildə isə “Aylak adam” nəşriyyatından “Ağlın iflası” adı altında əsərləri nəşr edilib.
Beləliklə, bizim Türkiyədə Axundzadənin əsərlərinin nəşri ilə bağlı bildiyimiz ən köhnə tarix hələ ki 1935-ci ildir. Osmanlı dönəmində hər hansı bir əsəri çap olunubsa, bilgimiz yoxdur.