Hərdən şəhərin şahmat taxtasında hərəsi bir yerdə qərar tutmuş şair heykəllərinə baxanda fantastik hisslərə qapılıram.
Elə bil dünyasına dünyalar sığan Nizami paytaxtın ən məşhur küçəsindəki heykəli ilə ədəbiyyat muzeyindən teatrlara, kilsədən modern butiklərə, yaradıcı birliklərdən ən böyük kitabxananın yerləşdiyi bu kosmopolit məkana keşik çəkir.
Elə bil tragik Füzulinin heykəli dram teatrını arxasınca səsləyir.
Elə bil Cavidin göyərçinlərə məskən olan heykəli müdrik sükutu ilə Elmlər Akademiyasına nəsə demək istəyir.
Elə bil Müşfiqin bir ucu Cavidin, bir ucu “Azad qadın”ın yanından ötüb Füzulinin heykəlinə qovuşan abidəsi iki daşın arasında qalıb.
Elə bil Sabirin əlikitablı, fikirli heykəli 70 il gözünü zillədiyi yeri axır ki, yeməkxanadan, paltar dükanından kitab evinə çevirə bilib.
Hərdən mənə elə gəlir ki, Sabirin heykəli Nizamidən utanmasa, azca sağa əyilib bir küçədə qabaqdakı qəmli Füzuliyə göz basacaq.
Sabir şirvanşahlara arxasını çevirib, amma əlində “Xəmsə” Şirvaninin arxasına düşüb.
Seyid Əzimin arxasınca düşməsi məlum əhvalatdır. Bəs şirvanşahlara arxasını çevirməsi? Söhbət ictimai reaksiyanın estetik platformada əks olunmasından gedir. Sözü verək görkəmli türk romançısı, professor Əhməd Hamdi Tanpınara. Sənətkar “XIX əsr Türk Ədəbiyyatı Tarixi” kitabında yazır: “…Yaxşı-yaxşı düşünəndə Namiq Kamalın Azərbaycan şairi Sabirlə birlikdə köhnə şeirə hücum edərkən lağa qoyduqları gözəllərlə bağlı təşbehlər, əslində, dövrün tələbinə görə qəhrəman kimi təsvir olunan hökmdarın üstündə və şəxsində olan şeylərdən ibarətdir. Belə ki, göz qamaşdıran aydınlığı ilə günəşə, gözəlliyi, nazı və istiğnasıyla gülə bənzəyən sevgili, qaşı, gözü, kirpiyi, yan baxması ilə hökmdar kimi silahlıdır (xəncər, qılınc, ox, yay, kəmənd, qartal). Namiq Kamal bizim xalq dilimizdə çox təbii şəkildə yaşayan “şahin baxışlı, polad biləkli” kimi xəyal sistemini sözbəsöz tətbiq edərək bir karikatura düzəltdirmişdi…“
***
Sabirin satirik monoloq üslubunda yazılmış şeirləri düzgün oxuyanlar üçün immunitet yaradan peyvənddir və əksər peyvəndlər kimi qarşısını almağa çalışdığı virusdan yaranıblar. Məncə, mərhum yazıçı, doktor Rafiq Tağı da, gənc söz xəstəsi Ayxan Ayvaz da bunu gözdən qaçırıblar.