Nə sensasiya baş verdi, nə də sürpriz. Hər şey öz yolunda getdi. Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları maraqlı, ancaq gözlənilən nəticələrlə başa çatdı.
Əvvəlcə paytaxtda “Rəvan”-"Neftçi" keçirildi. İlk oyunda rəqib meydanında “Neftçi” ilə sürpriz şəkildə bərabərə qalaraq final şanslarını öz meydanına saxlayan “Rəvan”ın sürpriz eləməyə gücü yetmədi.
“Sarı-qırmızılı”lar bir həftə öncəki oyunda son dəqiqələrdə bərabərliyi əldə eləməyi bacarsa da, bu dəfə “Neftçi” onlara belə bir şans vermədi. Oyunu başdan sona üstün şəkildə oynayan flaqman yekunda 1-3 hesablı qələbəyə sevinərək finala adlayan ilk komanda oldu.
Milli çempionatda hazırda 3-cü pillədə qərarlaşan son çempion Avropa Kuboklarında çıxış eləmək şansını riskə atmaq istəmirdi. Bunun üçün kubokda finala adlamaq, hətta qalib gəlmək əsas şərt idi.
Üstəlik, son üç ildi dəyişməz çempion olan “ağ-qaralar” bu mövsüm çempionluq yarışından çox uzaq düşüb. Titulsuz qalmaq istəməyən komanda gözünü kuboka dikib. Görünən odur ki, daxili birincilikdə işləri o qədər yaxşı getməsə də, kubokdakı hədəfə doğru daha bir uğurlu addım atılmış oldu.
Yarımfinalın digər oyunu isə Lənkəranda yerli komanda ilə “Qəbələ” arasında baş tutdu. Mərhələnin ilk oyununda Qəbələdə ev sahibləri 3-0 hesabı ilə qələbə qazanaraq demək olar ki, finala doğru bir az yaxınlaşmışdılar.
Cavab oyununda son vaxtlar heç də yaxşı formada olmayan lənkəranlıların 3 qolun əvəzini çıxacağı çox da inandırıcı görünmürdü. Hətta ən nikbin “Xəzər Lənkəran” azarkeşi belə, buna şübhə ilə yanaşırdı. Ancaq bu, baş versəydi əməlli-başlı sensasiya olacaqdı.
İlk dəfə ölkə kubokunun finalında oynamaq şansı olan, üstəlik, buna bu qədər yaxınlaşmışkən “Qəbələ”nin bu şansı əldən qaçıracağı çox inanılmaz bir versiya idi. Gözlənildiyi kimi, oyuna “Xəzər Lənkəran” üstün başlasa da əsas sistemini əks-hücum üzərində quran qonaqlar hesabı ilk açan tərəf oldular.
Mendi qolu artıq demək olar ki, intriqanı öldürdü. Bundan sonra rəqibinə beş qol vuracağı inandırıcı görünməyən “Xəzər Lənkəran”ın isə gücü sadəcə bir təsəlli qoluna çatdı.
Bununla da yaranmasının 10-cu ilində mükafatsız qalan cənublulara hətta Mustafa Dənizli kimi təcrübəli və titullu məşqçi belə kömək eləyə bilmədi.
Lənkəranlı azarkeşlər isə yenidən istefaya sədaları ilə yerə-göyə səs salmışdılar. Oyundan sonra klubun bazasına hücum çəkərək Mustafa Dənizlini və Tuyqun Nadirovu istefa səsləyən fanatlar arada bir klubun keçmiş məşqçilərindən, azarkeşlərin sevimlisi olan Mirça Rednikin də adını çəkirdilər.
Bu isə onu göstərir ki, artıq Lənkəranda Mustafa hoca dönəmi də qapanmaq üzrədir. Özündən əvvəlki baş məşqçi, hətta Mustafa Dənizlidən belə daha titullu və daha çox tanınmış Con Toşakın ardınca daha bir təcrübəli mütəxəssisin tərcümeyi-halına da “Xəzər Lənkəran” qara hərflərlə yazılacaq deyəsən.
Məşqçilər dəyişir, oyunçular gəlir-gedir, tanınan-tanınmayan, ucuz-baha legionerlər alınır ancaq komandanın ümumi durumu dəyişmir ki, dəyişmir.
Yenə üzüntülər, yenə azarkeş məyusluqları, itirilən mövsümlər, qalmaqallar bir-birini əvəz eləyir.
Bu arada, bu klubda dəyişməyən bir şey yenə var. O da rəhbərlikdir. Klubu idarə edənlərdir. Klubun sahibi Mübariz Mənsimov əlini qatmışkən bir dəfə də onları dəyişdirsə, bəlkə onda həqiqətən, nə isə dəyişə.