6 Avqust 2014 10:00
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etibar Babayevin “Space”ə rəhbərlik elədiyi vaxtlardı. 2005-in axırı, ya 2006-nın əvvəlləridir - dəqiq xatırlamıram. Şənbənin səhər verilişini əziz həmkarım Lalə Əliyevayla ikimiz aparırıq. İki saatlıq canlı efirdi. “Sabah +”-du adı, həftənin ən maraqlı hadisələrini səhərin prizmasından müzakirə edirik, 3-4 qonaqlı-filanlı verilişdi. Amma nə çal-çağırdı, nə yumor, nə musiqi. Dediyim kimi, “Space”in Etibar Babayev dönəmidi, hələ publisistikaya, jurnalistikaya, sözə hörmətlə yanaşılan bir mərhələdəyik.

Vətənpərvərlikdi mövzumuz. Proqramın 20 dəqiqəsinin qəhrəmanı elə əsl qəhrəmandır - zabitdir. Beynəlxalq sülhməramlı qüvvələr tərkibində Kosovoda xidmət edən 34 hərbçimizdən biridir. 30-32 yaşlarında laydivar bir oğlandı həmsöhbətimiz. Təsadüfən çağırmamışıq onu. Döyüşlərdə fərqləndiyinə görə Müdafiə Nazirliyi rəsmilərinin məsləhətilə gəlib efirə. Bir gün əvvəl mövzu ətrafında müfəssəl telefon söhbətimiz olub. Savadlı, bilikli zabitimizin danışıq qabiliyyətinə də əminik deyə, proqramın maraqlı keçəcəyinə arxayınıq. Efir başlayır. Mövzunun təqdimatı gedir, biz aparıcılar məlumat veririk, musiqi nömrəsi təqdim olunur, sonra qonağa keçid edəsiyik. Musiqi efirə gedən məqamda səs qapanır deyə, studiyada tam sakitlikdi. O arada efir söhbətinin lap son hazırlığı gedir. Bu dəm yeknəsəq bir tıqqıltı pozur sükutu. Tıq-tıq-tıq-tıq. Getdikcə də sürətlənir. Səsi də artır tıqqıltının. Laləylə ikimiz də qulaq kəsilirik. Diqqətimiz kamerada - rejissordan nə baş verdiyini öyrənmək istəyirik. Gözüm qonağa sataşır - cüssəli, qamətli, yaraşıqlı, savadlı, işinin peşəkarı olan zabitimizdi demə tıqqıltı salan. Adam sakitcə oturub efir həyəcanını yaşayır. Daxili gərginliyin təsirilə alnını puçur-puçur tər basıb. Həmin tər zabitin yanağından süzülərək düz çənəsinin ortasına yığılıb damlalanır, oradan da damcı-damcı döşəməyə tökülür - tıq-tıq-tıq-tıq.. Rejissora işarə veririk - musiqidən sonra anonsları, ardınca da reklamları salsın efirə. Belə vəziyyətdə söhbətə başlamaq olmaz. Mavi dəbilqəlilər sırasında əsl şücaət göstərmiş zabit kamera həyəcanıyla bacarmır demə. Bir stəkan buzlu su, dalınca da iki valerian qonağımızı özünə gətirir. Dilimizə basıb, zarafata salıb zabitin “buz”unu da sındırırıq bir təhər. Bu vəziyyətdən yalnız yumorla çıxmaq olar. Elə də edirik. Əslində onun işi döyüşməkdi, danışmaq yox. O, səngərdə, əlini tətiyə basanda daha rahat, daha inamlıdı, işinin ustası, mərd oğlu mərddi. Əsl döyüşkən əsgərdi. Sizə əsgər deyirəm!

***

Bir faktı da xatırlayım. Məktəb illərim SSRİ ilə Amerikanın soyuq müharibə dövrünə təsadüf edib. Ortada bir Vyetnam hadisələri də vardı və elə ideoloji hazırlıq məqamıydı, hər an müharibə təhlükəsi gözləyirdik. Və biz hərbi hazırlıq dərslərində “Kalaşnikov”un altını üstünə çevirir, oğlanlardan geri qalmırdıq ki, müharibə başlasa döyüşə bilək. Söhbət uzaq Vyetnamdan və anlamadığımız hərbi borcdan gedirdi.

***

İndi döyüş çox yaxındadı - əl uzatsaq çatacaq bir məsafədə. Biz bu döyüşə bapbalaca uşaqları göndəririk - silahla təzə tanış olan gəncləri. Və məktəblərimizdə hərbi dərslər də keçmirik ki, oğullar müdafiənin əlifbasını öyrənsin barı. Ərazisində müharibə gedən, atəşkəs rejimində yaşasa belə vaxtaşırı təcavüzə məruz qalan, şəhid məzarlarının sayı daim artan bir məmləkətdə hərbi dərslərin ləğvi hansı ağıllının qərarıydısa, çox absurd, boş, hətta millətə ziyanlı bir qərar idi. Dərs olsa, əsgər gedənəcən silahın xofundan çıxar balalarımız. Tətiyin gücünə, barıtın qoxusuna alışar. İndiki məqamda məhz belə olması lazımdır.

***

Dostlar məni populizmdə günahlandırsalar da yenə öz fikrimdəyəm - qəfil müdafiə zamanı düşmənə sinə gərmək məqamını demirəm, bu ayrı - amma hücum taktikasında 18-19 yaşlı millət övladlarını önə buraxmaq olmaz. Məmləkətin iri-iri kişiləri, birinci Qarabağ savaşının dadını bilən təcrübəli insanlar ola-ola əli vur-tut 3-4 ay silaha toxunan cavan uşaqları düşmən qabağına göndərmək düz deyil. Muzd ödəyəcək qədər maddi imkanımız varkən muzdlulardan ibarət peşəkar ordu çıxara bilərik. Və yalnız muzdlular da deyil. Məmləkət əhli şad xəbərə o qədər tamarzıdır ki, əminəm, atalar övladlarını savaşda tək qoymayacaq. Yeri gəlmişkən, savaş zad da yoxdu, Azərbaycan öz torpaqları olan Qarabağda hərbi təlimlər keçir, əgər orada ermənilər ölürsə, gedək soruşaq, görək onların Azərbaycan torpağında nə işi var? Son söz - bildiniz yəqin - cənab nazirə aiddir. Əsl əsgərdir! Sizə əsgər deyirəm!


Müəllif: Afaq Vasifqızı