Rusiya rəsmiləri Ermənistanda baş verən son proseslərlə yaxın keçmişdəki Ukrayna hadisələri arasında paralellərin aparılmasını heç bir halda düzgün hesab etməsələr də, bu gün ən çətin sual hazırki Ermənistan olaylarının geosiyasi oriyentasiyası və təfərrüatlarıdır.
Əvvəlcə V.Putinin S.Sərkisyanı təbrik etməsi, bunun ardınca D.Medvedevin K.Karapetyanla dərhal telefon əlaqəsi saxlaması və daha sonra yenə də V.Putinin Armen Sərkisyanla ölkədəki vəziyyəti müzakirə etməsi bir daha göstərir ki, Kremlin özündə çaşqınlıq var.
Neçə gündür davam edən etirazlarda geosiyasi şüarlar səslənməsə də, üstəlik, “məxməri inqilab”ın inkişaf trayektoriyası hələ tamam məlum olmasa da, artıq rusiyalı politoloqlar da Moskva üçün ən arzuolunmaz ssenariləri nəzərdən keçirməyi vacib bilirlər, bir çoxları hətta birmənalı şəkildə iddia edir ki, Ermənistan Qərbə tərəf dreyf edəcəkdir.
Amma bütün bu proseslər bizim üçün ilk növbədə Dağlıq Qarabağ konteksində maraq doğrurur və indidən sual da yaranır ki, bu müstəvidə hansı yeniliklər yarana bilər?
Diplomatlarımız artıq bildiriblər ki, hakimiyyətə gələcək yeni qüvvələrlə konstruktiv danışıqları davam etdirməyə hazırdırlar.
Amma bunun üçün Ermənistanda öncə hakimiyyət məsələsi həllini tapmalıdır. Son hadisələrin lideri N.Paşinyan məsələyə bir həftəyədək aydınlıq gələcəyini bildirsə də, hiss olunur ki, bu, çox qısa müddətdir və bu müddətdə yalnız müvəqqəti hökumət qurular. Uzunmüddətli hakimiyyətin bərqərar olması üçün isə ölkədə növbədənkənar parlament seçkiləri keçirilməli və yalnız bundan sonra əsl legitim hökumət kabineti formalaşmalıdır.
Ümumi halda, Dağlıq Qarabağ probleminin evolyusiyası həm də bir mühüm amildən də asılı olacaq – bu da Ermənistanın gələcək geosiyasi oriyentasiyasıdır. Burada da üç ssenari gerçəkləşə bilər.
Birincisi, Ermənistan Rusiya ilə indiki sıx ittifaqını saxlayır. İkincisi, Ermənistan Rusiyadan məsafə götürür və nisbətən Qərbə, daha müstəqil siyasətə doğru dreyf edir. Üçüncüsü, Ermənistanda vəziyyətin ümumi stabilləşməsini gözləmədən biz ermənilərə növbəti hərbi həmləni edirik.
Birinci halda ciddi dəyişikliyin baş verəcəyini güman etmirik, çünki bu halda əvvəllərdəki kimi, söz sahibi yenə Kreml olacaq. Qeyd edək ki, bu günlərdə Ermənistanda yaşanan dinamik proseslərə rəğmən, belə ehtimal da kiçik deyil.
Etiraz aksiyalarında demək olar ki, geosiyasi çağırışların heç səslənməməsi, indiyə qədərki müxalifətin Dağlıq Qarabağ məsələsində bəzən “qarabağlı həmkarlar”ından da kəskin mövqelər sərgiləməsi, xüsusən də bir çox hallarda hətta ən qərbçi demokratların belə ən azı populizm xatirinə vətənpərvər -millətçilərlə yarışması bir daha diktə edir ki, gərək, bu ssenarini də kənara tullamayaq.
Amma daha maraqlısı, əlbəttə ki, ikinci ssenaridir. Bu halda müəyyən yeniliklərin, hətta Kreml üçün sürprizlərin olması mümkündür. Ən azı ona görə ki, bəzi Qərb analitikləri Bakı ilə İrəvanın münaqişəsini həm də iki ölkənin müxtəlif geosiyasi müstəvilərdə qərar tutması ilə izah edirdilər və elə bu səbəbdən düşünürük ki, belə vəziyyətdə İrəvan fərqli davranış nümayiş etdirə bilər.
Burada Azərbaycanın özünün də iki cür davranışı mümkündür. Ən birincisi, dəfələrlə yazmışıq ki, Qarabağ problemində Bakı üçün ən böyük perspektiv Ermənistan–Rusiya ittifaqında “çat” yaranan zaman meydana çıxacaqdır. Bu səbəbdən hətta adi vətəndaşlarımız da ilk olaraq bunu düşünürlər – Rusiya ilə Ermənistan arasında soyuqluq yaranan kimi dərhal şəraitdən faydalanmalıyıq.
Bəzi rusiyalı politoloqlar da açıq şəkildə buna işarə edir və onların arasında Bakıya simpatiyası ilə seçilənlər Azərbaycan üçün yeni şansın yarana biləcəyini deyirlər. Amma bu ssenarinin də öz riskləri var və bu da ilk növbədə ondan ibarətdir ki, Qərbə dreyf edəcəyi halda Ermənistan bu ünvandan da müəyyən dəstək alacaq.
Fəqət, düşünürük ki, əsas bu deyil. Daha uzunmüddətli sülh və sabitlik üçün Rusiyadan məsafə götürən Ermənsitana şans da vermək olar, bəlkə elə doğrudan bunlar otuz ildən sonra nəhayət, adam kimi hərəkət etməyə və düşünməyə başlayacaqlar?..
Sözsüz ki, bunlar ehtimallardır. Azərbaycanda ən çox səslənən tezislərdən biri budur ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq onun Dağlıq Qarabağ siyasəti dəyişməyəcəkdir, çünki on illər ərzində bunlar özləri üçün axmaq “böyük Ermənistan doktrinası” uydurublar və onun məntiqilə də hərəkət edirlər.
Bu yanaşmada da həqiqət var, özü də böyük həqiqət. Amma başqa presdent də var axı! Azərbaycan torpaqlarının hamısı L.Ter-Petrosyanın vaxtında işğal olunmuşdu. Amma o, bir gün anladı ki, Bakı ilə dil tapmadan nə Dağlıq Qarabağ probleminin həlli, nə də Ermənistanın bir dövlət kimi inkişafı və tərəqqisi mümkün deyil...
Ona görə də düşünmək ki, belə bir hal unikal hadisə idi və bir daha heç vaxt Petrosyan presedenti təkrar oluna bilməz – bu, əlbəttə yanlışlıq olardı. Ən əsası isə bilirsinizmi nədir? Azərbaycan artıq Ermənistanın ən pis, murdar sifətini də görüb və hətta belə bir Ermənistanı da yerində oturtmaq iqtidarında olduğunu göstərib.
Ona görə də bizə elə gəlir ki, İrəvanda hakimiyyətə gələcək yeni qüvvələr bütün hallarda köçəryanlardan, sərkisyanlardan konstruktiv və anlaqlı olacaqlar – təbii ki, “məxməri inqilab” öz məntiqi sonluğunadək inkişaf edərsə...
Bütün hallarda unutmaq lazım deyil ki, Kremlin həm Ermənistana, həm də Azərbaycana təsir etmək üçün bir əsas “rıçaq”ı vardır - bu da Qarabağdır və aydın məsələdir ki, bunu Bakıda da gözəl başa düşürlər, İrəvanda da. Elə bu səbəbdən demək olar ki, otuz illik əsəb savaşı birdən–birə enməyəcəkdir və bizə toxtaqlıq verən budur ki, bu savaşda Bakının üstün gəlmək şansları daha böyükdür.
Nəhayət, gələk, üçüncü ssenarinin üzərinə. Yada salaq ki, ermənilər özləri dəfələrlə bizə qarşı belə ediblər – ərazilərimizin çoxu ölkədə dərin siyasi böhranlar yaşanan zamanlar və Bakıda ciddi hakimiyyət boşluğu yaşanan vaxt işğal olunub.
Bir başqa detal isə budur ki, Kreml əgər duysa ki, İrəvandakı proseslər ona sərf etməyən məcraya yönəlir, o halda bunun üçün bizə yaşıl işıq da yandıra bilər.
Qərəz, üç ssenariyə uyğun iki yol var. Hansını seçək? Bu, artıq siyasətçilərin, diplomatların və bir də hərbçilərin işidir. Diplomatlar vəziyyəti öyrənib siyasətçilərə çatdırmalı, siyasətçilər isə hərbçilərə ən düzgün və ən əsası da, vəziyyətə adekvat olan göstərişlər verməlidirlər...