30 İyun 2018 22:17
7 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adına küçə var.

(Bakıda kimin adına küçə yoxdur ki...)

Amma o nəinki küçəyə, prospektə, hətta metro stansiyasına belə layiqdir.

Çünki o, Nobel almış yeganə bakılıdır.

Onun haqqında 69 dildə Vikipediya məqaləsi var.

Akademik Lev Landau...

Bakı Dövlət Universitetinin tələbəsi...

Mənşəcə yəhudi idi, buna görə də başı az bəlalar çəkmədi.

Ali təhsilinə 14 yaşında BDU-da (O dövrdə ADU adlanırdı) başladı.

Eyni vaxtda iki fakültədə (fizika-riyaziyyat və kimya fakültələrində) təhsil alırdı.

Üç il sonra Leninqrad Universitetinə göndərildi.

Universiteti orda bitirdi.

Təcrübə üçün Avropaya ezam olundu.

Dahi fizik Nils Borun yanında işlədi.

Özünü onun tələbəsi sayırdı.

SSRİ-nin mühüm elmi layihələrində çalışdı.

Atom bombası hazırlayan komandanın tərkibində idi.

Bir il həbsdə də yatası oldu.

Nils Bor onunla bağlı Stalinə məktub yazdı.

Landau azadlığa buraxıldı.

1962-ci ildə Nobel mükafatına layiq görüldü.

Yuri Borevin yazdığı “Staliniada” (Başqalarının danışdıqlarına, tarixi əhvalatlara və müəllifin düşüncələrinə əsaslanan xatirələк) kitabında Landau ilə bağlı da xatirələr var.

Bu xatirələrdən ikisini bölüşmək istəyirəm.

Akademik Kapitsa Stalinin qəbuluna gəlir.

Beriya da Stalinin yanında imiş.

(Söz düşmüşkən deyim ki, Kapitsa dahi fizik idi, Nobel mükafatı almışdı.

Hadisə baş verən zaman Landau onun rəhbərliyi altında çalışırdı)

Kapitsa Landaunun həbs olunduğunu bildirir və onu azad edilməsini xahiş edir.

Stalin Beriyaya baxır. Beriya isə Landaunun ingilis-alman-fransız casusu olduğunu deyir.

Kapitsa israr edir: “O, mənə çox lazımdır”.

Stalin yenidən baxışlarını Beriyaya zilləyir.

Beriya təkrar izahat verir: “O casusdur”.

Kapitsa təkid edir: “Amma o, mənə lazımdır”.

Stalin gülümsəyir.

Beriya arayışı təkrarlayır.

Bu gərgin söhbət bir neçə dəfə də təkrarlanır.

Beriya məhkəmə qərarı olduğunu deyəndə Kapitsa yenə də vurğulayır: “O, mənə lazımdır”.

Stalin artıq əsəbləşib Beriyaya acıqlanır: “Yoldaş Beriya, görürsünüz ki, Landau yoldaş Kapitsaya lazımdır. Buraxın, getsin”.

Landau azadlığa buraxılır.

Borev burda mühüm bir qeyd edir.

Kapitsa Landaunun günahsız olduğunu desəydi, Stalin heç zaman onu azadlığa buraxmazdı.

Sadəcə olaraq, Kapitsa praqmatik davranaraq Landaunun özünə lazım olduğunu bildirir.

İndi ikinci əhvalatı yazıram.

Ola bilsin ki, bu ilk əhvalatın başqa bir variantıdır.

Ya da ola bilər ki, Landau ikinci dəfə həbs olunub.

Elə SSRİ-də də yəhudiləri sevmir, onlara inanmırdılar.

Landaunu azad etmək yenə də Kapitsaya nəsib olur.

O, Stalinin yanına gedərək deyir: “Yoldaş Stalin, Landaunu həbs ediblər. Amma axı o dünyada qatı helium düzəltməyi bacaran yeganə alimdir”.

Stalin Landaunu azad etdirir.

Kapitsa Landaunu həbsxanadan qarşılayıb deyir: İki günün var. Qatı helium düzəltməlisən.

Landau tapşırığı vaxtında yerinə yetirir.

Çünki o dahi idi, vəssalam.

Qan Turalı


Müəllif: Qan Turalı