19 İyul 2018 19:17
8 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra dövlətin təhlükəsizliyi məsələsi hökumətin əsas vəzifələrindən birinə çevrilir. Denikin ordusu, bolşevik Rusiyası və ərazi iddiasında olan ermənilərlə mübarizə aparmaq üçün 1919-cu il iyunun 9-da keçirilən iclasda Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan - 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alınır. Bu komitə ilə eyni vaxtda onun tərkibində Əks-inqilabla Mübarizə Təşkilatı da yaradılır.

Qurumun sədri parlamentin Müsavat fraksiyasının üzvü Məhəmmədbağır bəy Şeyxzamanlı, sədrin müavini isə sosialist Mirfəttah Musəvi olur. M.b.Şeyxzamanlı təşkilata həmin ilin avqustun 20-dək başçılıq edir, istefasından sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilir. 1919-cu ilin noyabrın 19-dan qurum başçısının müavini isə Mahmud bəy Səfikürdski olur. Hökumət Denikin təhlükəsindən fərqli olaraq, bolşevik təhlükəsinə ciddi əhəmiyyət vermirdi. Buna görə də, Denikin təhlükəsi sovuşan kimi 1920 ilin martında ƏMT ləğv olundu.

***
Azərbaycan Cümhuriyyəti dönəmində dövlət qurumlarında müxtəlif siyasi görüşlü şəxslərin fəaliyyət göstərməsi təbii hal hesab edilirdi. Dövlət özü də bu məsələdə diqqətli olmağa çalışırdı. Parisə nümayəndə heyəti göndərilən zaman da bir çox partiyaların mənafeyi nəzərə alınmışdı. Bu baxımdan ƏMT-də də müxtəlif siyasi görüşlü şəxslərin iştirakı mümkün olmuşdu. Onlardan biri də sonralar SSRİ-də mühüm vəzifələrə yüksələcək Lavrenti Beriya idi.

Beriyanın işə götürülməsi

Beriya 1899-cu ildə Suxumi yaxınlığındakı Merxouli kəndində doğulub. Bakıda texnikumda təhsil alıb.

Onun Azərbaycan Cümhuriyyətindəki fəaliyyətini Nağı bəy Şeyxzamanlının İstanbulda çap etdiyi xatirələrindən öyrənirik. 1964-cü ildə nəşr edilən “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” kitabında Şeyxzamanlı yazır: “Əksinqilab ilə Mübarizə Təşkilatının yaranmasının zəruriliyini respublikamızın ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi hədələməsi və başqa müxtəlif hadisələrin baş verməsi olmuşdur. Buna görə də hökumətimiz Əks-inqilab ilə Mübarizə Təşkilatının yaradılması planını Parlamentin müzakirəsinə verir. Məclis böyük çoxluqla bu layihəni qəbul edir.

İdarədə işləyəcək kadrların üçdə ikisi Müsavatdan, üçdə biri isə Hümmət partiyasının üzvlərindən ibarət idi. Layihəyə görə idarənin rəisi müsavatçı, müavini isə hümmətçi olmalı idi. Bu sosialist hümmətçilərin içərisində Beriya da var idi... Beriya Hümmət Partiyasının zəmanəti ilə Əks-inqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdü. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrəti olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paroxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi”.

Beriyanın Gürcüstana qaçması

Cümhuriyyətin işğalı ərəfəsində Beriya yoxa çıxır. Nağı bəy xatirələrində bu hadisəni belə izah edir: “Yerli bolşeviklər əleyhimizə fəaliyyətə keçmişdilər. Biz də onları daima təqib edir və göz açmağa aman vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Onu bir müddət axtardım, ancaq ondan bir soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, artıq o, respublikada yoxdur. İki aylıq maaşını anasına göndərdim. Elə bir vaxt gəldi ki, Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Bir şirniyyat mağazasında rastlaşdıq. Bu zaman gürcü hökuməti menşevik olub bolşevikləri təqib edirdi. Beriya məni görən kimi yaxınlaşdı və əl verib salamlaşdıq. Hiss etdim ki, o mənimlə qarşılaşmağa o qədər də məmnun deyil. Ancaq mənim xoş münasibətimi görüb bir az toxdadı. Ondan “Beriya, nə üçün mənə bildirmədən Gürcüstana keçdin?” deyə soruşdum.

Beriya da “hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də bu təşkilatda qalmağın daha mümkün olmadığı qərarına gəldim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşlarımı vermisiniz təşəkkür edirəm” dedi”.

Beriya açıq şəkildə bolşeviklərin tərəfində olduğunu Nağı bəyə bildirir: “Bolşeviklər Qafqaza azadlıq və səadət gətirirlər. Sabah sizin sevdiyiniz Türk, Şərq və İslam dünyası kapitalistlərin əlindən bolşeviklərin sayəsində xilas olacaqlar”.

Beriya həbs edilir

Beriya Müsavat hökumətindəki fəaliyyətinin gələcəkdə ona qarşı ittihama çevriləcəyini bildiyi üçün sonralar özü ilə bağlı materialları yox edir. Tədqiqatçı-alim Cəlal Qasımov bununla bağlı arxiv materialları əldə edib: “Beriya Azərbaycanda olarkən Azərbaycan ÇK əməkdaşları tərəfindən də həbs edilib. DTX-nin arxivində Beriyanın PR 21842 saylı istintaq qovluğu qorunub saxlanılır. Təəssüf ki, həmin qovluqda cəmi 2 sənəd qalmışdır. Bu sənədlərdən birində göstərilir ki, Beriya 1920-ci il sentyabrın 8-də həbs olunmuşdur. İkinci sənəddə isə Beriyanın 1920-ci ildəki istintaqı ilə bağlı materiallar 1932-ci ildə Beriyanın göstərişi ilə ona göndərildiyi açıqlanır. Bütün bunlar göstərir ki, Beriya ələ keçməsin deyə özü ilə bağlı sənədləri və istintaq materiallarını toplamışdır”.

Beriyanın Müsavat hökuməti dövründəki fəaliyyəti ilə bağlı sənədlərin yox edilməsində, onun bolşevik hökuməti tərəfindən həbs edilməsinin qarşısının alınmasında Mircəfər Bağırovun da rolu olduğu iddia edilir.

Beriyanın müsavatçılardan Mirzəbala Məhəmmədzadə ilə də yaxın münasibətləri olub. Mühacir, hüquqşünas Hüseyn Baykara “Azərbaycan istiqlal mücadiləsi tarixi” adlı kitabında Mirzəbala Məhəmmədzadə ilə bağlı hissədə yazır: “Stalinin sağ əli olan L.Beriya Mirzəbalanın ən yaxın yoldaşlarından biri idi. O, İranda siyasi mücahir olduğu zaman Beriya öz adamları vasitəsilə ona xəbər göndərərək mübarizədən əl çəkib Azərbaycana dönməsini təklif edir, lakin Mirzəbala bu təklifi qəbul etmir”.

Bütün bu faktlar onu göstərir ki, Beriya müsavatçılarla yaxın münasibətlərinə görə hər zaman ehtiyatlı davranıb.

Digər bir iddiaya görə, Beriyanın Müsavat hökumətindəki vəzifəsindən Stalin, Orconikidze və başqaları məlumatlı olublar. Belə ki, 1926-cı ildə Qafqaz Dövlət Siyasi İdarəsinə sədr təyin olunan İvan Pavlunovski (1888-1937) Stalinə məktubunda yazır: “…Tiflisə yollanmazdan əvvəl məni söhbət üçün yanına OQPU (Birləşmiş Dövlət Siyasi İdarəsi) sədri Dzerjinski çağırdı və bildirdi ki, mənim köməkçilərimdən biri olacaq Beriya vaxtilə Müsavatın əks-kəşfiyyatında işləyib, ancaq bu fakt məni qətiyyən narahat etməsin və məndə Beriyaya qarşı mənfi münasibət formalaşdırmasın. Çünki Beriya əks-kəşfiyyatda Qafqazdakı məsul yoldaşların tapşırığı ilə çalışıb, bu haqda Dzerjinski özü də, yoldaş Serqo Orconikidze də bilirlər”.

Beriyanın peşəkar casus kimi bolşeviklərlə yanaşı müxtəlif dövlətlərlə də əməkdaşlıq etməsi haqqında da iddialar var.

Nağı bəyin peşmanlığı

Nağı bəy Şeyxzamanlı bir zamanlar işçisi olmuş Beriya haqqında təəssüf hissi ilə bəhs edir, onu yaxşı tanımadığını bildirir: “Beriya Azərbaycanda və xüsusilə də Bakıda azəri gənclərinə qarşı kütləvi qətliam tərtib edib. Bu o gənclər idi ki, Beriya ilə bir məktəbdə oxumuş və daima ona qayğı göstərmişdilər. Beriyanı lənətləyərkən, onunla bağlı xatirəmi də lənətləyirəm. Beriya Əks-inqilab ilə Mübarizə İdarəmizin senzor şöbəsində çalışırdı. O cani ilanı tanımadan, bilmədən, öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmirdim, bütün şöbə əməkdaşları da qayğı göstərirdilər. II Dünya müharibəsində Qızıl Ordudan almanlara əsir düşən və hürriyyəti seçərək alman ordusu sırasında ruslarla vuruşan qəhraman, millətçi, idealist azəri gəncləri ilə görüşərkən Beriyanı soruşardım. Hamısı Beriyanın azəri gənclərini mərhəmətsizcəsinə məhv etdirdiyini deyirdilər”.

Sovet konsulunun Nağı bəylə görüşü

Sovet hökuməti dövründə Beriya yüksək vəzifələrdə təmsil olunur. O, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sosialist Əməyi Qəhrəmanı (1943), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944-1945), Sovet İttifaqı Marşalı (1945), SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946-1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953), VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I-III çağırış SSRİ Ali Sovetinin deputatı, MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939-1946), Siyasi Büronun üzvü kimi vəzifələrdə çalışır. Amma repressiya maşını Beriyanı da aradan götürdüyü zaman o, ilk vəzifəsi ilə ittiham olunur. Hətta sovet kəşfiyyatı bu işə İstanbulda mühacirət həyatı sürən Beriyanın keçmiş sədri Nağı bəyi də alət etmək istəyir.

Nağı bəyin xatirələrindən öyrənirik ki, bir gün İstanbuldakı Sovet Baş konsulu onun çalışdığı mağazaya gəlir və bildirir: “Stalin öldükdən sonra Rusiyanı idarə edənlər üç şəxsdir: Beriya, Malenkov və Molotov. Öyrəndiyimə görə Beriya vaxtilə sizin idarənizdə məmur olmuşdur və bu gün Beriya fikrən digərlərindən fərqlənən yeganə insandır. Moskvada da hamıya məlumdur ki, Beriya liberalizmə yuvarlanmışdır. Kolxoz quruluşunun dağıdılmasına tərəfdardır. Siz ona bir məktub yazın və Qərb dünyası ilə müqavilə bağlasın. Bəlkə, sizin tövsiyələrinizi dinləyər və siz də dünya sülhü üçün bir rol oynamış olarsınız. Siz Beriyaya məktub yazıb, ancaq ikinizə aid olan hadisələrdən də bəhs edin ki, məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryer ilə göndərim. Bir həftəyə qədər o çatdırsın”.

Nağı bəy belə bir məktubu göndərməkdən imtina edir. Əgər Sovet kəşfiyyatının bu planı həyata keçsəydi, Beriyaya qarşı ittihamlar artıq öz təsdiqini tapacaqdı.

Amma bolşeviklər üçün birini öldürmək olduqca asan idi. 1920-ci ildən etibarən böyük təcrübəyə sahib idilər. Ona görə də Beriyanın aradan götürülməsi elə də çətin olmadı. 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Xüsusi Heyətinin qərarı ilə Beriya güllələndi…

Nağı bəy isə Gürcüstanda onunla söhbətində belə demişdi: “Ona dedim ki, Beriya, əmin ol ki, öldürülmək növbəsi sən Beriyaya da gələcəkdir. Çox gec olsa yəqin ki, Beriya söylədiyim sözləri özünkülər tərəfindən güllələndiyi zaman yada salmışdır”.

Beriya isə dindirilmə zamanı belə demişdi: “Mənim ən ağır cinayətlərimdən biri Müsavat əks-kəşfiyyatında iştirakımdır. Bu günahı mən tamamilə boynuma alıram”.


Müəllif: Dilqəm Əhməd