6 Fevral 2019 20:15
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi çevrələr sosial şəbəkələri istəmir- nədəni bəlli!..Müzakirələr gedir...

UNİCEF-in Azərbaycandakı nümayəndəliyi də internet asılılığı olan məktəblilərin yüksək statistikasını açıqlayıb. Amma daha nələr baş verir həyatımızda, bundan dolayı, onu demir...

Çox da uzaq deyil, bir gün buradan hamımız qaçacağıq!
Bax, bunları dərk edəndə...
......

Bəsit bir qurğunun əsarətində itirilənlər

Ən qədim əyyamların xəbər aparıb-gətirən gözəl gözlü, ağ-qara, boz göyərçinləri bir gün yerini poçt qutusuna, poçtalyonlara, daha sonra telefona, geniş ictimai xəbərləşmə müstəvisi televizora, radioya verəndə, insan rabitənin bu dinamik, sivil inkişafında sahib olduğu müsbət keyfiyyətlərinin heç birini itirmədi, əksinə daha da kamilləşdi.

İbtidai xəbərləşmə üsulu məktub nümunəsində yazını, ana dilini, əzizlərə qayğını, sevginin, hörmətin xoş həyəcanını öyrənə bildi.

Telefon ixtirası ilə kəlmələrinə təmizlik, sözünə dəqiqlik qatmağa, başqa sözlə, nitq mədəniyyətinə sahibləndi.
Üstəlik, yaxın insanların arasındakı əlaqələr bu nazik sim tellər üzərinə düşən birləşdirici rolla bir az da möhkəmlənmiş oldu.

Televizor və radio insanı geniş xəbər qanadında hər yerə, hər məsələyə daşıdı; onun mənəvi zövqlərə-kinoya, musiqiyə, gərəkli sosial-elmi diskussiyalara yolunu açdı.

Amma bütün bu etaplarda insan nə məktub yazmaq xəstəsinə çevrildi, nə televiziya, nə radio düşkününə.

Saatlarla asılı qaldığı telefon dəstəyi də qeybətdən daha artıq dərdləşmək, yaxın olmaq niyyətlərinə xidmət etdi.
İnsan bunun da əsarətinə heç düşmədi.

Əski texnoloji inkişaf güman etməzdi ki, bir gün televiziyanın, radionun, teleqrafın, məktubun- hamısının rolunu kiçicik bir qurğu özündə daşıyıb, təkcə texnoloji dəb, yeni zövq, rahatlıq, çevik informasiya məsələsini ortaya qoymayacaq, eyni zamanda, insanı insanlığından ayırıb, tamam başqa bir məxluqa, heykələ çevirəcək; başqa bir hala salacaq.

Günümüzün vahim tərəfi budur və həyəcan siqnalını çalanlar heç də haqsız deyillər.

Balaca mobil qurğunun içərisində sanki şeytan əməlli dostluq proqramları, özünü gözəsoxma və yazışma funksiyaları deyil kitab dəbi, çap mətbəəsi, deyil rahat qoltuqda seyr edilən böyük ekran-cihaz, deyil aybaay mənasız yerə aylığı ödənən ev telefonlarının əhəmiyyətini, başlıcası insanın öz əzizlərinə, doğmalarına münasibətini də dəyişir.

Balaca qurğuya bitib-tükənməz eşq ailə eşqini öldürür.

Saatlarla mobil qurğuya sarılıb, kim nə etdi, nə yazdı, nə paylaşdı, qarabaqara izləməyin, sutkanın yarıdan çoxunu bu macəra ilə keçirməyin sonucu gəncləri təhsildən, atanı evdən, ananı ev qayğılarıdan qoparıb, təsəvvürəgəlməz mənəvi problemlərin ortasına atır.

Çünki texnologiyanın pis tərəflərinə immunitet güclü deyil. O yanlış, təhlükəli cəhətləri özündən, ailədən kənar tutmağa iradə çatmır.

Əksinə, ailənin kiçik fərdlərinə də texnoloji qurğunun içərisindəki həngamələr sevgisinə yolu, bəsit əyləncənin əlinə əsir düşmüş böyüklər özü açır.

Nəticədə dərs auditoriyasında gizli feysbuk, vatsap yazışmaları ucbatından 45 dəqiqəlik dərsdən hafizəyə faydalı bir damla düşə bilmir.

Sonra deyirlər, təhsil niyə belə bərbad gündədir!
Vahimiyyət hələ burda nədir ki!

Bir texnoloji rahatlıq əskisini kölgədə qoya, onun tamamilə önünə keçə bilər, amma insanları öz əsirinə çevirməsindən və cazibəni büsbütün öz üzərinə çəkməklə, yaxınlar arasında uzaqlaşma yaratmasından, insanı özünəqapanan, lal, tənbəl, ətrafa laqeyd bir məxluqa çevirməsindən, ailə institutunu ciddi zədələməsindən böyük dəhşət ola bilməz!

Limitsiz internetlə deyil ailəni, millətin evini də yıxmaq mümkündür! Bol-bol internet imkanı daşıyan balaca qurğuya günbəgün artan eşq nələri ala bilər, nələrə bais ola bilər, bir düşünək.

Əlbəttə, feysbukdakı 500 insanın paylaşdıqlarını yatana qədər izləmək, güdmək, bəyənib-bəyənməmək, nəyəsə həsəd aparmaq, nəyəsə qıcıqlanmaq, cavab yazmaq, cavab gözləmək, eyni şeyləri vatsapda təkrarlamaq, ya da orda baş verənləri təqib etmək ailə üçün ayrılmalı vaxtın mənasızcasına itirilməsi, ailədaxili müzakirələrin arxa plana atılması, ailə daxilində arzuolunmaz mənəvi böhranın başlanması deməkdir.
Övlad ata-anadan, ər arvaddan, arvad ərdən uzaqlaşır; bir dam altında yadlaşmanın, tənhalığın, soyuq münasibətlərin təməli atılır.

Kimin nə düşünməsi, hansı kədərlə qıvrılması, kiçiklərin nə istəyib-istəmədikləri laqeydlik ucbatından gizli qalanda, bunlar bəsit telefon əyləncəsinin əsirinə çevrilən tərəfin gözünə görünməyəndə, ailə bir-birindən qopmağa başlayıb, dərin bir bataqlığa sarı yol alır.

Hər divan, kreslonu bir adamın zəbt edib, qurğuya bərk-bərk sarılması ənənəvi ailə sevincini, ailə xoşbəxtliyini, ailə dəstəyini dərin bir kədərin, qorxulu sükunətin içinə dəfn edir.

Azərbaycan ailəsi öz nəşəsini, dincliyini bir-birinin dizinin dibində, mərhəmətli baxışlarında, qayğıkeş əlində, təsəllisində yox, sosial şəbəkələrdəki şəkillərdə, sözlərdə, söyüşlərdə, konfliktlərdə axtarır.

Otağın o biri başındakı oğlunu yeməyə çağıran ananın cavabı mesajla alması, ərin arvaddan çayı vatsap üzərindən istəməsi, vatsap üzərindən gileylər, xahislər, yaxın adamların qayğıkeşliyinin, hal-əhval tutmanın səssizlik, sükunət daşınan ismarıc üsuluna ötürülməsi insanlar arasındakı mənəvi bağların tədricən qırılması, mənəvi kamilliyin azalması, ruhun zəifləməsi deməkdir.

Sabah səslər- tanınmaz, danışmayan dillər- küt, insanın kimlik və cazibə sirri nitq- qüsurlu olacaq.

Hər gün baş verən qəddar cinayətlər, səbəbi dəqiq açılmayan intiharlar, çirkinləşən ailə dəyərlərində insanların bir-birindən qopması, yadlaşması, ruhən zəifliyi, azalan mənəvi kamilliyindən düşən pay, bəlkə daha artıqdır.
Bunun həyəcan siqnalını çalanları diqqətə almaq birinci parlamentin, müvafiq inzibati qurumların üzərinə düşən məsuliyyətə çevrilir.

Tarif Şurası yanacağın qiymətini artırıb israfçılığı düşündüyü kimi, internetin yüksək tarifi ilə də millətin mənəvi kamilliyi, itən ailə dəyərlərini düşünmək zorundadır.

Ya da bəlkə, başqa qadağalar, məhdudiyyətlər gündəmə daşınmalıdır.

İnsanın sərbəstlik ixtiyarına qarışma mənasında təpki alan siqaretdən, içkidən tutmuş, zərərli vərdişlərin məhdudlaşmasına xidmət edən qanunlar, toplumun üç gün tez, beş gün gec, bir il erkən, iki il çox uzaq, amma sonunda tabu, hökm şəklində, ağır şərtlər altında alışacağı bir gerçəklikdir.

Millətin, toplumun xeyrinə olan heç bir sərt qanunun, inzibati yasağın anti-demokratiya və cahilliklə əlaqəsi ola bilməz.


Müəllif: Jalə Hüseynova