1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin 4-cü bəndində yazılıb: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər”.
Bu bəndə görə yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən (yəni kişi və qadın fərqi qoyulmadan!), toplum içərisindəki mövcud ictimai vəziyyətindən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını vəd edir.
Bununla da Azərbaycan Cümhuriyyətinin Konstitusiyası hökmündə olan İstiqlal Bəyannaməsi ilə yeni dövlətin qadına olan münasibəti ilk gündən müəyyən edilmiş oldu.
Cümhuriyyətin ən önəmli addımı qadınlara seçim hüququnun verilməsi idi.
1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Həmin iclasda Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq, 21 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası yaradıldı.
Əsasnamə 10 fəsil (ümumi müddəalar; seçki hüququ haqqında; Müəssislər Məclisinə seçkiləri həyata keçirən təşkilatlar haqqında; seçici siyahıları; namizədlərin siyahıları haqqında; seçki bülletenlərinin verilməsi və sayılması haqqında; seçkilərin nəticələrinin müəyyən edilməsi haqqında; Müəssislər Məclisinə nümayəndəlikdən imtina etmiş və ya çıxmış üzvlərin yerinə yeni seçkilərin keçirilməsi haqqında; seçkilərin azad və düzgün keçirilməsi haqqında; Müəssislər Məclisinə seçkilər üçün xərclər haqqında) və 116 maddədən ibarət idi.
Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairəsi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulmuşdu.
Qadınların kişilərlə bərabərhüquqlu olması tezliklə müxtəlif sahələrdə qəbul edilən qanun və nizamnamələrdə də öz əksini tapdı. 1919-cu ilin 29 sentyabrında BDU-nun idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə Məclisi-Məbusanda üç ay çəkən müzakirələrdən sonra qəbul edildi.
Nizamnamədə universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi. 9-cu maddədə qeyd olunur ki, universitetin istər tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlar da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər.
Cümhuriyyət dövründə qadınların təhsil almasına xüsusi önəm verildi. 1919-1920-ci dərs ilinin başlanğıcında Azərbaycanda 10 qadın gimnaziyası fəaliyyət göstərirdi. 1920-ci ilin başlanğıcında Bakıda “Maariflənmiş əməkçi müsəlman qadınları ittifaqı”ı da yaradıldı. İttifaq mədəni-maarif işi aparmaq və savadsız qadınlar arasında bilik yaymaq məqsədi güdürdü.