Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasından sonra paytaxtın adının dəyişdirilməsi məsələsi gündəmə gəldi. İndən belə Astana şəhəri Nursultan adlanacaqmış.
Nazarbayevin özünə hökumətdə yer ayırması, özündən sonra baş verənlərə müdaxilə edə bilmə gücünü faktiki əlində saxlaması “yarımçıq” istefa anlayışını doğurdu.
Əslində bir dövlət başçısı necə istefa verməlidir?
Qərb təcrübəsində məsələ aydın olduğu üçün Azərbaycan tarixində olan hadisələrdən birinə nəzər yetirək. Azərbaycan Cümhuriyyəti dönəmində xaricdən gələn qonaqların yanında hökumət üzvlərinin utanmaması üçün büdcədən onların evlərinə əşya alınması üçün pul ayırmışdı. Təbii ki, bu məsələ demokratik parlamentimizdə müzakirələrə səbəb olmuşdu.
Hökumət adından bu müzakirələrə Xudadat bəy Məlikslanov nöqtə qoyaraq tarixi bir çıxış etmişdi. Xudadat bəyin bu çıxışı olduqca önəmli olduğu üçün tam şəkildə təqdim edirik:
“Keçən iclasda sosialistlər hökumətə bir sual vermişlər ki, nədən ötəri hökumət sədrinin ev əşyası alınmasına 1 milyon pul buraxmışdır? Hökumət tərəfindən cavab vermək istəyirəm. Söz buradadır ki, siz bilirsiniz ki, hökumət üzvləri və nümayəndələrinin o qədər iqtidarları yoxdur ki, öz evləri üçün lazım obstanovkaları alsınlar ki, xaricdən gələn qonaqları da qəbul etsinlər. Qeyri yerlərdən gələn çox olur. Məsələn, İngiltərədən, İtaliyadan və Fransadan, Amerikadan çox nümayəndələr gəlir. Onları qəbul üçün küçəbəküçə gəzib yer axtarırıq. Ya gəlməmişdən fikir edirik ki, nə yerdə və kimin evində onları qəbul edəcəyik.
Hökumət qərar qoymuşdur o cür nümayəndələri qəbul üçün bir ev tədarükündə olsunlar. Onun üçün də hər bir şey alınsın.
Əlbəttə, nümayəndə gəldikdə sədr və xariciyyə nazirinə müraciət edəcəkdir. Sizin özünüzə məlumdur ki, sədrimizin evi burada deyil və o şeylər da alınacaqdır, sədrin olmayıb, hökumətin olacaqdır. Hərgah sədr hökumət başından çıxandan sonra yenə hökumətdə qalacaqdır. Bu qərar da Parlament olmadığı zaman köhnə hökumət tərəfindən qəbul olunmuşdur. Hökumət para verib şeylər alınsın. Keçən sədr bir neçə şey almışdı. İş başından düşdükdə bizə dedi ki, istəyirsiniz bunların pulunu verim, yaxud məndə əmanət qalsın.
O şeylər az olduğu üçün orada buraxdıq. Sədrimiz Nəsib bəy başqa hökumət nümayəndələrini qəbul etmək üçün, əşya alınmaq üçün heyəti vükəlaya müraciət eylədi. Axır zamanlarda ki, tərəddüd artdı. Hökumət bu şeylərin alınmasının lazım olduğunu dərk edib 70 milyonluq fonddan 1 milyon para buraxılması və hökumət sədri üçün əşya alınması qərarına gəldi.
Ucuz olmaq üçün və bir nəfər buranı tərk edib şeylərini satmalı olduğu üçün bu iş də əmələ gətirildi. Bu şeylər alındı və 1 milyonun 70 milyonluq fonddan verilməsinin səbəbi budur. Burada qanundan kənar iş görülməyib. Bu işlər hökumət sədrinə və xariciyyə nazirinə şəxsi deyil, hökumət malı hesabı ilə verilmişdir.
Siz özünüz bilirsiniz ki, bu son zamanlarda, neçə ki, ərz eylədim, gəlib-gedən çoxdur. Biz quru yerdə oturub çörək yeyə bilərik. Amma qonaqlarla belə müamilə etmək olmaz. Hərçəndi bu sosialist nöqteyi-nəzərindən düz gəlməz. Amma biz burjuaziya yerindəyik, onların adəti ilə rəftar etmək lazımdır. Məsələn, mən Tiflisdə bir əcnəbi nümayəndəsinin yanına getmək üçün sürtuk tapmağa məcbur oldum. Nə isə bu halları nəzərə alaraq, bu şeylərin alınması lazım görüldü ki, nümayəndələr gəldikdə avaraçılıq olmasın”. (93-cü iclas, 6 noyabr, 1919)
Bəli, Azərbaycan Cümhuriyyətində sədr vəzifədən gedəndə hökumətin ona verdiklərini qaytarır və ya qalan bəzi əşyaları öz şəxsi vəsaiti ilə almağı təklif edirdi...