17 Aprel 2019 12:34
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allahın ovucunda ölümsüzlüyün şərəfinə qaldırılmış balaca bir şeh damlası idi Nərmin.

Elə ki, balaca əllərini uzadıb ətəyimdən yapışıb dartmağa başlayırdı, bütün zəruri işlərimi də unudub bir göz qırpımından da tez onunla birlikdə parkda peyda olurdum. Sanki əlləri sehrli idi. Elə bil onun məndən istədiyi və mənim ona etiraz edəcəyim heç nə yox idi. İradəm zərurətdən qabaq baş əyib, mənim yerimə onun bütün istəkləriylə razılaşırdı. Müqavilə bağlayırdı. Sanki mən bu dünyaya ona etiraz etməmək üçün gəlmişdim. Nərminə qarşı iradəli olmaq mümkün deyildi. O vaxta qədər ki, onun əlləri, ayaqları, bundan əvvəl isə səsi yır-yığış edib aradan çıxdı.

Nərmin bir gün başı kəsilmiş insanın damarları kimi harasa çəkilib yox oldu.

Bundan əvvəl isə elə bilirdim xəstə olan bütün uşaqların adı Nərmindir. Bəlkə də ona görə belə fikirləşirdim ki, deyəsən, o vaxt mən də hələ böyüməmişdim. Ya da Nərmin balaca əlləri ilə ətəyimdən yapışıb peşəkar bələdçi kimi yaxşı bildiyi yeganə yolla məni parka dartanda bir az mən də fürsətdən istifadə edib uşaqlaşırdım. İki-üç addımlıq yol boyu xəstə olan bütün uşaqların Nərmin kimi olduğunu düşünürdüm. Onun kimi kir-pasaqlı çəhrayı çəkələk geyinirlər, ayaq barmaqlarının bükümlərində axşam düşəndə evlərinə toz daşıyırlar, çəhrayı çəkələkləri buğdayı rənglərini bir qədər də tündləşdirir.

Bura qədər o uşaqlardan biri də Nərmin idi və bu uşaqlarla söhbət etməyin qəribə bir təsəlli verən, insanın beynini içindən sığallayan sehrli əlləri var. Nərminin düymə boyda dırnaqlarıyla bəzənmiş, yumşaq, qaymaq qatılığında əlləri boyda bir təsəlli... O əllər insana toxundumu, insan özünü hücrədə günahları bağışlanmış kimi hiss edir. Dünyanın bütün günah daşları bu balaca qalxana çırpılıb yox olur. Ən uğultulu günahlar da saf şeh damlasına çevrilib yaşıl çəmənlərə səpilir.

Hə, Nərmindən danışıram. Valideynlərini sətəlcəm qızdırmasının yuxuya verib gözlərini əbədi sakitliyə açacağı qorxusuyla Allaha ilan dili uzatmağa məcbur edən Nərmindən. “Balaca qara balıq” dediyim Nərmindən...

Ailə kasıb... Atası beş-üç manat kirayə puluna görə ev yiyəsi ilə saatlarla çənə döyüb arzuları, həyatı gözlərindən düşən bir kimsə idi. Anasını desən, çoxdan yox idi. O da kirayə mənzillər arasında narahat ruh kimi dolaşan, qadınlıq hisslərini, arzularını, sevgisini Nərminin kir-pasaqlı çəhrayı çəkələklərinin iz qoyduğu bütün yollara döşəmiş nə vaxtsa qadın olmuş bir məxluqat idi. Nərminsə, qayğısız, hələ doğulduğu dünyanın hara olduğundan xəbərsiz, çəkələklərinin də kir-pasının bulandırmayacağı bir damcı saflıq...

“İlahi, insan necə də qara olarmış”, deyəndə bic-bic gülümsəyirdi Nərmin. Düyünlədiyi balaca yumruqlarıyla bu hücumu dəf etməyə çalışırdı. Heyfini çıxdıqdan sonra sakitləşirdi, süst düşürdü. Yorulurdu sanki. Elə bil özünü müdafiə etmək üçün bir az da təpər axtarırdı balaca canında. Tez yorulurdu Nərmin, çox tez. Lakin həmişə üzündə bir az sonra bədənini ələ keçirmiş yorğunluqdan birdəfəlik canını qurtaracaqmış kimi sərçə gözləri boyda işıqlı bir xoşbəxtlik vardı. Ya da sonda əzablarını məğlub edəcək yorğun yarım-insanın əbədi sakitlik arzusu...

İnsan bu yaşda nədən yorula bilərdi?

Yəqin ki sətəlcəmdən və əzbərləməyə başladığı qayğılardan... Sətəlcəm isə Nərminin əl-ayaqlarını tez-tez yığışdırırdı küçədən. Günlərlə onu tapmaq olmurdu.

Bir gün isə gözlənilmədən “Atam ət almışdı, anam onu öpdü”, deyəndə Nərminin içində qopmuş balaca qiyamətinin ortasında donub qaldım. Sanki Allahın özü günahlarına görə bağışlanılmasını istəyirdi ondan.

Deyəsən, uşaq mən imişəm, Nərminsə taqətdən düşmüş yaşlı bir qadın. Nərmin mənə təsəlli verirmiş. Amma bilmirəm balaca nə boyda olur, bu qayğı üçün Nərmin o qədər balaca idi axı. Balaca bir “Keçi” şeirini ala-yarımçıq bilən bir qızcığaz necə əzəbərləyə bilərdi həyatı? “İlahi” deyə üz tutacağım bir ünvan da qalmadı, bu əzbər qarşısında.

Həkimlər balaca bir kəfən biçmişdilər boynuna. Elə bil Allahın da əlləri arzularından əvvəl ona ölüm yolunu göstərirdi. Arzu toxumları cücərməmiş, arzunun nə olduğunu bilmədən getməli idi.

Ailəsi əcəl əlində qanlı bıçağıyla qapını kəsdirməmiş yır-yığış edib rayona qayıtdı. Nərmini də apardılar. Nərmin gedəndən sonra zəng etmədim, hər unutqan insan kimi mən də unutmadım. Günlər, aylar keçdikcə Nərmin də, onun balaca əlləri də ağ-qara, dalğalı xətlərə dolaşıb xatirələrdən də uzaqlaşdı. Yeni kirayə mənzilə köçdükdən sonra mən də o küçədən yoxa çıxdım. İllər sonra geri qayıdanda o başdan, bu başa Nərminlə qaçdı-tutdu oynadığım o böyük küçədən əsər-əlamət qalmamışdı. Küçə elə kiçilmişdi ki, məsafələr elə qısalmışdı ki, indi Nərmin sağ olsaydı, yəqin ki, bura sığmazdıq. Sanki küçə dişləri tökülmüş yaşlı insanın batmış ovurdlarına çevrilmişdi, batıq, kələ-kötür və asfaltı çatlamış – dərinə lağım atmış qırışlar...

Amma illər sonra o gün Nərmini metroda gördüm. Atası da yanında, böyümüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu