13 Avqust 2019 13:02
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küçə lampaları adamları kölgələrinə bükərək binaların qaranlıq bloklarına atır. Bir-bir mənzillərinə dağılışan adamlar o qədər ləngdir ki, sanki məzara sürünürlər, sanki ölüm marşı çalıb evlərinə yola salır zülmət səma bu yalnız canları...

Ölümə qədər yolu tək addımlamaqdan qorxan bu adamlar yuxu onları aparanadək necə yalnız qalmamağın neçə-neçə yoluna baş vuracaq, səhərsə gecə geyindikləri məsumiyyət libasını soyunub ən yırtıcı varlıqlara çevirəcəklər özlərini, bir də növbəti gecəyə - öz çarəsizliklərini dərk etdikləri saatların başlamasınadək...

Bəlkə gecələr adamları hər yalana inandıran bu çarəsizlik olur, bəlkə də ən iyrənc, ən alçaq yalanlara gecələr ona görə inanırlar ki, bu çarəsizliyi dərk edirlər, yalana inanmaqdan başqa seçimləri olmur. Səhərsə bütün yalanlar öz libasını soyunub həqiqətlər görünməyə başlayanda insan silkinib ayılır. Milyardlarla qızarmış üz gözləyir bitən hər gecənin sonunda.

Əsl həyat gecənin sərhədlərindən – səhərlərdən başlayır...

Həmin gecələrdən biri ac mədəsinin dərdinə düşmüş bir pişiyin gözlərinə aydınlıq salır. O bu dəqiqələrdə zibil yeşiyindən sıçrayıb yuvasına qaçan bir siçanı tutub mədəsinə ötürməklə məşğuldur. Siçansa can dərdində... Yenə qızğın ehtiras, yenə aclıq, yenə həyat eşqi, yenə yaşamaq mübarizəsi, ölmək və sağ qalmaq...

Həminki həyatdır...

Bir siçanın sonsuzadək yummaq üçün nə boyda gözləri ola bilərdi, ya da bir ağrını hiss etmək üçün nə boyda bədəni? Ağrını duymaq üçün bədənin nə boyda olmasının bir önəmi varmı? Bilmək olmaz, bəlkə də canında ölüm qorxusu gəzdirən bütün bədənlər üçün ölçü əhəmiyyətli deyil, önəmli olan ağrının ölçüsüdür. Bədəni boyda ağrıyan hər canlı ikiqat əzab çəkir, ikiqat özünə ikrah duyur, ikiqat özünə nifrət edir, ikiqat yaşamaq istəyir.

Bəs bir insanı ən çox hansı həqiqətin varlığı düşündürür, ağrıdır? Elə bir həqiqət ki, bunu dilə gətirmək olmur, sirli bir məhkəmənin mütəhhim kürsüsündə insanı oturdub mühakimə etməyə səbəb yaradır. Hər insanın mütləq belə bir həqiqəti var. Bunu dilə gətirməksə çətindir, çünki insanın içindəki ən mərhəmətli hisslər belə, bunları dilə gətirəndə hakimin müttəhimin üzünə oxuduğu soyuq ittihamlara oxşayır.

Həmin həqiqətlərdən birinə görə bütün insanları sevə, eyni qayda ilə də onlara nifrət edə bilirsən. İnsanın yolunu gah kimsəsiz dörd divar arasından, gah da həyat qaynayan adamların arasına salan bu yeganə həqiqət məhəbbətdən başqası deyil.

Məhəbbətin bir dəfə kələk gəldiyi insan bir də heç vaxt özünə inana bilmir. İnsan ən çox kənardan xırda görünən belə şeylərə görə əlini həyatdan üzür.

Əlbəttə başqa həqiqətlər də var. Bəs bunlar hansı həqiqətlərdir ki, insan mənəviyyatını çatladaraq onunla həyat arasında keçilməz uçurum yaradır? İnsan bunu heç vaxt bilmir, bilsə də izahı yoxdur...

Bəzən insan bir siçan yuvasına rast gələndə elə zənn edir ki, dünyanın bütün qayğısızlığı, bütün xoşbəxtliyi, ən işgəncəli ağrıları sakitləşdirəcək sirlər bu qaranlıq yuvada gizlənib. Həmin vaxt insan ixtiyarsız bu xırda məxluqların gözləri ölgün işıq saçıb həyat eşqi qaynadan bu yuvaya can atır.

Əlbəttə, aza qane olan, nə istədiyini bilən hər şeyin çərçivəli bir dünyası olur. Yeni arzuların baş qaldırmayacağı, fəlakətin sakitləşdiyi bir siçan yuvasında yaşamaq...

Maraqlıdır bunu düşünən həmin insanın sığındığı bu mənzilin də işığı öləziyir, siçan yuvası kimi... Otağın lampası boğazının yarısınadək bıçaq işləmiş heyvanın gözləri kimi ümid qırpır. Bu otağın ölhaöldə olan lampası kənardan nə qədər içəri həyat çağırmırsa, demək, buranın sakini azlığa qane deyil. Demək ki, bu mənzilin sahibi siçanlar kimi nə istədiyini yaxşı bilir – sakitlik, başqa heç nə...

Bütün ağrıların hamısı keçmişdən miras qalır

Lakin bu ağrılar şiddətləndikcə, insan özünə qarşı duyduğu istehzaya tab gətirə bilmir. Elə buna görə, insan həmişə başqalarına yox, özünə nifrət edir. Bəs insanın özünə qarşı yönəltdiyi bu mühakimələrdən, önyarğılardan nə görünür? Həm müttəhim kürsüsündə oturub, həm də öz-özünə vəkil kəsilib. Arıq, cüssəsiz, öz yalanlarının həqiqətinə inanmayan, bu yalanların hansı həqiqətə söykəndiyini görmək istəməyən, insanlar, həyat haqda əsassız, bəzən də əsaslı, amma heç vaxt özünün də inanmadığı, başqalarını inandırmağa çalışdığı mühakimələri yürüdən, ittihamlar səsləndirən və siçan yuvasında yaşamaq istəyən bir adam...

Bəzən insan daxilində canlanan bu mühakimə prosesi elə qorxunc durum yaradır ki, insan özünü gizlədə bilmədiyini, daxili çöküşünün bütün çılpaqlığıyla gözə göründüyünü düşünür. Ən dərin hisslərlə özünə nifrət edən bir adam üçün özünə bundan böyük hörmətsizlik və fəlakət ola bilməz.

Ən qəribəsi budur ki, bəzən heç nə etməyəndə, eləcə saatlarla boş-boş yerində uzanıb tavana zillənəndə belə, başqalarının ona mane olduğunu inanır. Bu insanın beynində elə bir əminlik və dəqiqliklə ifadə olunur ki, özlüyündə bir daha insan içinə çıxmayacağına dair qətiyyət yaranır.

İnsanlar ona niyə mane olurlar, hansı işinə əngəl olmağa çalışırlar? Bunu demək çətindir, lakin bu insanlardan yox, insanın özündən qaçışıdır, hansısa bir həqiqətin insan mənəviyyatını çökdürən dağıdıcı zərbələrindən özünümüdafiədir.

Mənəvi çöküş....

Lakin ən mənasız, hamının bildiyi suallarla öz daxilində həyatı mühakimə etmək, özünə inanmayan insan üçün müstəsna təhlükə vəd edir. Bütün bu sualları beyninə şəlləyib bir siçan yuvasına çəkilmək – özünü adamlardan təcrid etmək də bu qorxunc təhlükədən irəli gəlir.

Bəs həmin insanın bu çərçivədən - həyatını, arzularını, xəyal dünyasını çəpərləyən bu yuvadan kənarda necə bir dünyası olur? Dağınıq, qorxunc həqiqətlərə söykənmiş yalanların alüdəçisi olan sərxoş bir beyin və bu beyinin hər addımbaşı ləyaqətini alçaltmasından, təhqir etməsindən şübhələnən bir adam... Əlbəttə, bütün bu suallara verə bilmədiyi cavablara müticəsinə özünü inandırmağa çalışan insan özünə inana bilməz.

Özünə inanmayanı heç kəs xilas etmir

Bütün bu suallara verəcəyi cavabı yoxdursa və bilərək özünü bu suallarla mühakimə edirsə, o zaman bu sirli məhkəmənin müttəhim kürsüsündə oturmuş insanın qalxıb özünə o sualı vermək haqqı var ki, özündən nə istəyirsən?

Niyə bir həqiqətin, elə bir həqiqətin ki, bunun ətrafında fırfıra kimi fırlanıb bunu etiraf etməkdən, yüksək səslə söyləməkdən qorxur? Bəs bu suala verəcəyi cavab, qalxıb edəcəyi etiraf, belə desək, günahını boynuna almağı o insanı sakitləşdirəcəkmi, onu müttəhim kürsüsündən endirib bəraət verilməsinə hökm çıxaracaqmı? Bu hökmü kim verəcək? Özünə məhkəmə qurmuş insanı ancaq insanın özü bağışlaya bilər, əfv edə bilər. Bəs insan özünü bağışlaya bilirmi? Əsla. İnsan bunu ovucunun içi kimi bilir, bildiyi halda yenə nəsə demək, nəsə danışmaq, yarım addım da olsa, o həqiqətə yaxınlaşmaq istəyir, daha doğrusu bu həqiqətlə yaşamağa vərdiş etməyə çalışır.

Həqiqətlər həmişə ögey olur, daha doğrusu insan həmişə həqiqətlərə ögey olur, onlarla bir yerdə yaşaya bilmir. Bunu heç kəs edə bilmir, çünki bir həqiqət bir yalan qədər insanı öz qorxularından uzaqlaşdıra bilmir, əksinə həqiqətlər insanı qorxularına bir qədər də yaxınlaşdırır. İnsan yalanlara inanıb yaşaya bilər, həqiqətlərə isə inanıb yaşaya bilməz.

Həqiqətlər həmişə etiraz yaradır, yalan isə bu etirazların qarşısını almaq, insanları sakitləşdirmək üçün yeganə vasitə - yeganə həqiqətdir. Bir gün onu inkar edənlərə özünü sübut etmək üçün adam için çıxmayacaq Tanrı boyda bir həqiqət – yalan...


Müəllif: Mənsur Rəğbətoğlu