Niyəsə din deyəndə yas, yas deyəndə çadır, çadır deyəndə plov gəlir gözümüzün qabağına - turşu-qovurmasıyla, səbzəsiylə, hər dəstgahıyla.
İndən belə assosiassiya sıramız dəyişəsidi. Belə deyirlər. Ki, israfçılığa yönələn bütün adətlər keçmişdə qalacaq. Və əslində təqdimatı da dəyişmək lazım. Yəni tək israfçılıq yox, lovğalığın, özünü göstərmənin, bəhsə-bəhsin qarşısı alınacaq. Xub, çox gözəl. Bəs zehniyyətimiz? Onu necə? Dəyişə biləcəyikmi?
***
Biz adam kimi yas vermək nədi, heç adam kimi ölə də bilmirik. Əvvəla ona görə ki, küll halında götürsək, əksər insanların öz məkanımızda həkimə getməkliyi gəlmir. İnamsızlıq və imkansızlıq ucbatından burada on-on beş klinika arasında girinc olmaqdansa çoxu üz tutur xaricə. Az para sahibləri İrana, çox para sahibləri Turana ya Avropaya pənah aparır. (Bu halda bu dövlət o boyda Tibb Universitetini niyə bağlamır, bivec təhsil ocaqlarına büdcədən niyə filan qədər pul ayrılır? Bu, tamam başqa bir sualdır). Heç parası olmayan da əlini-ayağını uzadıb son dəqiqəsinin tamamlanacağını gözləyir. Amma necə?
***
Okeanın o tayında olan hadisədi. Amerikanın Kaliforniya ştatında yaşayan 62 yaşlı Cim Zetsə baxan həkimlər xərçəngin 4-cü mərhələsi diaqnozunu qoyaraq deyirlər ki, onu heç cür xilas etmək mümkün deyil. Cim Zetsin ən böyük arzusu yeganə qızının toyunu görmək imiş. Amma ata dərk edir ki, bu xəstəliklə övladının xeyir işində iştirak edə bilməyəcək. Çünki qızın vur tut 11 yaşı varmış. Amma görün nə edirlər.
Ata qərara gəlir ki, qızına mini-toy eləsin. Qonaqlara dəvətnamələr göndərilir, qəşəng bir məkanı icarələyib gül-çiçəyə tuturlar, masalar bəzəyirlər, süfrə açırlar, keşiş dəvət edirlər. Hamı yığışanda təntənəli mərasim başlayır. Ağ gəlinlik paltarı geyinmiş 11 yaşlı qız qara kostyumlu atasının qoluna girərək keşişin qarşısına gəlir. Keşiş nikah mərasimindəki bütün duaları oxuyandan sonra müqəddəs xaçı əlinə alaraq uca səslə "Sizi ata və qız elan edirəm. Tanrı sizi qorusun. Amin!" deyib işini yekunlaşdırır. Həmin təsirli səhnəni həyəcansız izləmək mümkün olmur. Ata-ananın da, qızın da, qonaqların da gözləri yaşarır, amma bu kədəri həm də bir sevinc, həm də bir həyat eşqi, əzrayılla çiling-ağac oynamaq həvəsi, fələyə kələk gəlməyin verdiyi adrenalin müşayiət edir. Bu işi görmək gerçəkdən adamdan ürək, cəsarət, mərdlik istər. Amerika, görünür, öz insanına bu cəhətləri aşılaya bilib. Hər halda bu, bir fərdin yox, bütöv cəmiyyətin əldə etdiyi qazancdı. Ki, adam kimi yaşamaqdan əlavə hələ öləndə də adam kimi ölməyi bacarırlar. Biz nə birincini bacarırıq, nə ikincini.
***
Qonumda-qonşuda elə ki eşidirlər bəs filan arvadın vəziyyəti yaxşı deyil, üzü o yanlıqdı, bəli, başlayır nə başlayır. Qohum-əqrəba hərə qoltuğuna bir qutu konfet vurub iki gündən bir köçünü salır həmən xəstənin evinə. Ev yiyəsi bilmir xəstənin qulluğunda dursun ya qonaqlara tez-tələsik çay-çörək düzəltsin. Neyçün ki, yemək yeməmiş getməzlər. Yeməkləri bir yana, hələ biçarə xəstəni diri-diri ağlamaqlarını demirsiniz? (Hərdən adama elə gəlir ki, burası böyük bir dəlixanadı, hər ev də 6 nömrəli palata). Yaxın-uzaq qohumlar, bəlkə ayda-ildə bir dəfə görünən o adamlar öz canının həşirində olan binəvanın gözü qabağında, qulağı eşidə-eşidə dil deyib ağlayırlar. Adam hələ ölməyib ha.. Hələ ağlı başındadı, arada həyat eşqi də olur, bəzən sağalacağına ümidi də yaranır, gümanı da. Amma bu el ağbirçəklərinin qeyri-adekvat hərəkətləri biçarə adama bir daha sübut edir ki, bəs vaxt-vədə yetişib, əl-ayağını yığışdır, istəsən də, istəməsən də artıq halvanın qoxusu gəlir.
Dünyada inanmıram bunun qədər absurd bir adət, bunca qansız bir əməl olsun. Və bu zehniyyətlə də hələ bir "amandı, adətlərimizə dəyməyin, sivil cəmiyyətdə qadağalar eləmək olmaz" deyib ədalət axtarırıq. Hanı axı sivil cəmiyyət? Yas yerində çərəzi-konfeti cibinə dolduranlardı sivil, ya "mən Zeynəbin itiyəm" deyib vay-şüvənlə mərsiyə deyənər? Yox, baba. Bu zehniyyətlə bizə elə qadağalar lazımdı. Pis adətlərdən qurtulmağın başqa yolunu mən bimirəm. Siz necə?