Donetskin bir hissəsinə özünüidarəetmə statusunun verilməsi müstəqillik tələbini qüvvədən salmır.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə tanınmamış “Donetsk Xalq Respublikası”nın baş naziri Andrey Purqin danışıb. O deyib ki, Kiyevlə hər hansı federallaşma çərçivəsində münasibət qurmaq üzrə planları yoxdur.
Hərçənd ki, Andrey Purqin özünüidarəetmə statusunun və rusiyapərəst üsyançılara amnistiya verilməsində “müsbət məqamların” olduğunu deyib: "İlk müsbət məqam budur ki, bizi artıq terrorçu adlandırmırlar”.
Onun sözlərinə görə, qanunu təsdiqləməklə Ukrayna “Donetsk Xalq Respublikasının xarici iqtisadi və siyasi əlaqələr” qurmaq haqqını tanıyıb.
Donetsk və Luqansk bölgələrinin bir hissəsinə özünüidarətmə hüququnu verən və üsyançılara dair amnistiyanı nəzərdə tutan qanun sentyabrın 5-də imzalanmış atəşkəs razılaşmasının şərtlərinə uyğun addımdır.
Xatırladaq ki, aprel ayından bəri Ukraynanın şərqində rusiyapərəst üsyançılarla hökumət qüvvələri arasındakı qarşıdurmada ən azı 3,000 nəfər öldürülüb, 310 mindən artıq adam didərgin düşüb.
Samir